- 9 Sentyabr 21:09
"Müasir tarix yaranmaqdadır və bu prosesdə Azərbaycanın da təbii olaraq öz yeni tarixi yazılır. Bu tarixin əsas səhifələri Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşır. O, regionda yeni geosiyasi mənzərə yaratmaq kimi mühüm və tarixi missiyanı öz üzərinə götürüb".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əli Əhmədov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasda səsləndirib.
O deyib ki, hər bir dövlətin gücünü müəyyən edən üç əsas amil var: iqtisadiyyat, ordu və diplomatiya. Azərbaycan bu sahələrin hər birində mühüm uğurlar qazanıb.
"İqtisadi sahədə ölkəmiz ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri hesab olunur. Hərbi gücümüz isə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbə və ərazi bütövlüyümüzün bərpası ilə öz təsdiqini tapdı. Diplomatiya sahəsində də Azərbaycan böyük nailiyyətlər əldə edib. Bu uğurların zirvəsi isə Vaşinqtonda baş tutan görüş oldu. Həmin Zirvə görüşü Azərbaycanın beynəlxalq nüfuzunun parlaq ifadəsidir. Bu uğurların müəllifi isə ölkə başçısı Prezident İlham Əliyevdir", - deyə deputat qeyd edib.
Şəbnəm Mehdizadə