- 16:14
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Müstəqillik hər bir xalqın ən böyük arzusu, dövlətçiliyin isə təməl daşıdır. Dövlət müstəqilliyini əldə etməklə yalnız siyasi azadlıq qazanmır, həm də öz gələcəyini sərbəst şəkildə müəyyən etmək imkanı əldə edir. Müstəqilliyin verdiyi imkanlar sayəsində dövlət suverenliyini möhkəmləndirir, daxildə xalqın iradəsinə söykənən idarəçilik qurur, xaricdə isə bərabərhüquqlu tərəfdaş kimi mövqeyini gücləndirir. Müstəqillikdən güc alan dövlətçilik onun suverenliyinin, xalqının milli kimliyinin, ərazi bütövlüyünün və gələcək nəsillərinin azadlığının təminatıdır.
Müstəqillik dövlətin sərbəst yaşamaq, öz taleyini özü müəyyən etmək haqqıdır. Lakin müstəqillik yalnız suverenliklə möhkəmlənir. Biz müstəqilliyimizi qorumaqla əslində suverenliyimizi gücləndiririk. Güclü dövlətçilik yalnız siyasi atributlarla deyil, həm də milli ruh, iqtisadi dayanıqlılıq, mədəni dəyərlərin qorunması, hüquqi və ədalətli idarəetmə ilə möhkəmlənir. Bu güc isə xalqın birliyi və dövlətə bağlılığı ilə daim artmaqda davam edir. Güclü dövlətçilik həm də müstəqil məhkəmə, qanunun aliliyi və vətəndaşların hüquqlarının qorunması ilə təmin olunur.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin bütün sahələrdə apardığı və daima yeniliklər etdiyi islahatlardan biri də hüquqi islahatlardır. Həmin islahatlar ilk öncə Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış və 12 noyabr 1995-ci il ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının və həmin konstitusiyanın ruhuna uyğun olaraq demokratik, dünyəvi qanunların, məcəllələrin prinsiplərini özündə əks etdirən qanunların qəbul edilməsidir. Bu gün hüquq-mühafizə orqanlarının, hakimlərin, vəkillərin, mülki hüquq subyektlərinin gündəlik əlaltı kitabları olan məcəllələrimiz, qanunlarımız məhz Ulu Öndərin apardığı qətiyyətli hüquq islahatlarının nəticəsində sovet ruhundan xilas olaraq milli, müasir dövrün tələblərinə cavab verir. Vətəni, xalqı, dövlətçilik qarşısında misilsiz xidmətlərinə görədir ki, hər il 10 may tarixində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olması yüksək təntənə ilə qeyd edilir, bu il qeyd etdiyimiz “Konstitusiya və Suverenlik İli” ndə isə dahi Liderin anadan olmasının 102 ili tamam olur. Dahi Öndərin anadan olduğu gün ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Ulu Öndərin layiqli davamçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam təmin edilməsində gördüyü işlər və həyata keçirilən kompleks məhkəmə-hüquq islahatları nəticəsində insan hüquqlarının qorunması sahəsində qanunvericiliyə edilmiş mühüm dəyişikliklərin səmərəliliyi bütün bunların bariz nümunəsidir.
Mənfur erməni işğalına son qoyan Vətən müharibəsi xalqımızın haqq, ədalət uğrunda mübarizəsinin təcəssümü olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı ədaləti bərpa etmək, öz hüququnu təmin etmək, dövlətini, dövlətçiliyini qorumaq uğrunda daim mübarizə aparıb. 2020-ci il sentyabrın 27-də xalqımızın mənfur düşmənin hərbi təxribatlarına cavab olaraq başladığı haqq savaşında olduğu kimi. 44 gün davam edən Vətən müharibəsində müzəffər Ali Baş Komandan dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir, güclü ordusu var. Vətən müharibəsində tarixi qələbənin davamı olaraq 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu anti-terror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.
Təsadüfi deyil ki, Azərbaycan Ordusunun Vətən müharibəsində unikal əməliyyatları dünya hərb tarixinə düşərək bu gün dərindən öyrənilir, tədqiq edilir. Xalqı zəfərə aparan ən vacib məqam isə, ilk növbədə, qətiyyətli liderin, orduya layiqli komandanlıq etməyi bacaran, səriştəli, dünya siyasətinə dərindən bələd olan, nəyi nə zaman necə etmək olduğunu yaxşı bilən bir rəhbərin olmasıdır. Bütün bu xüsusiyyətlər məhz Prezident İlham Əliyevdə cəmləşib. Azərbaycan xalqı xoşbəxtdir ki, həyatını müasir müstəqil dövlətimizin hərtərəfli davamlı tərəqqisinə həsr edən, 30 illik erməni işğalına son qoyaraq əzəli torpaqlarımızı, o cümlədən Qarabağın tacı olan Şuşanı azad edərək parlaq Qələbə qazanan Müzəffər Ali Baş Komandanı var.
Hələ dövlət müstəqilliyimiz yenidən bərpa olunduqdan sonra məhkəmə sisteminin inkişafına xüsusi diqqət və qayğı göstərilmişdir. Bundan əlavə bu müddətdə qanunvericilik əsaslı surətdə yenilənmiş, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən fərman və sərəncamlar imzalanmış, dövlət proqramları qəbul edilərək icra olunmuşdur.
Cənab İlham Əliyevin prezidentliyi dövründə məhkəmə işçilərinin məsuliyyəti daha da artmış, bu quruma qayğı və diqqət yüksəlmişdir. Məhkəmə işçiləri öz fəaliyyətlərində daim cənab Prezidentimizin qayğısını hiss edir. Belə ki, möhtərəm Prezident dəfələrlə məhkəmə işçilərinin maddi və sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamlar imzalamışdır.
Məhkəməyə əlçatanlığın məhkəmə sisteminin quruluşundan, xüsusilə ixtisaslaşdırılmış və regional məhkəmələrin fəaliyyətindən çox dərəcədə asılı olduğu nəzərə alınaraq, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı imzalanmış 19 yanvar 2006-cı il və 15 iyul 2010-cu il tarixli fərmanlarla bu sahədə institusional islahatlar davam etdirilmişdir.
Belə ki, regionların sosial-iqtisadi inkişafı şəraitində ölkə başçısının tapşırıqlarına uyğun olaraq bölgələrdə yaşayan insanların məhkəmələrə çatımlığının yaxşılaşdırılması məqsədilə 2006-cı ildə respublika apellyasiya və iqtisad məhkəmələrinin əvəzinə 6 regional apellyasiya, habelə əlavə 3 yerli iqtisad məhkəməsi təşkil edilmişdir.
2010-cu ildə isə respublika üzrə vahid olan ağır cinayətlər məhkəməsinin əvəzində bölgələrdə yeni regional ağır cinayət məhkəmələri yaradılaraq onların sayı ümumilikdə 6 olmuş, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir.
Eyni zamanda məhkəmə-hüquq sistemimizin inkişafında ən mühüm hadisələrdən biri kimi ilk dəfə olaraq inzibati ədliyyə institutu təsbit edilərək, 2011-ci ildən ölkəmizin 7 bölgəsində dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayan yeni inzibati məhkəmələr fəaliyyətə başlamışdır. Hələ 21 oktyabr 2005-ci il tarixdə qəbul edilən “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2011-ci il 01 yanvar tarixdən etibarən eyni anda qüvvəyə minməsi ilə Azərbaycanda inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliyinə) qarşı hüquqi müdafiənin yeni təkmil mexanizmlərinin tətbiqinə başlanılmışdır.
İslahatlar həyata keçirilərkən Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətində olması nəzərə alınaraq əhali üçün əlverişli şəraitin yaradılması məqsədilə orada da yeni məhkəmələr təsis olunmuş, Muxtar Respublikanın Ali Məhkəməsi tam apellyasiya instansiyası xarakteri almışdır.
Ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ölkəmizdə məhkəmə islahatlarının yeni mərhələsini təşkil etməklə, məhkəmə hakimiyyətinin daha da möhkəmləndirilməsini və məhkəmə sisteminin inkişafını şərtləndirmişdir.
Belə ki, həmin fərmanda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində digər mühüm tədbirlərlə yanaşı, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə ölkə Prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə yeni regional kommersiya və inzibati məhkəmələr yaradılmışdır. Həmin məhkəmələr 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlamışdır.
Bir sözlə, məhkəmə sistemi islahatlar yolu ilə müasirləşir. Bütün bunlar isə müstəqillikdən güc alan dövlətçiliyin təzahürüdür.
Bu gün qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə məhkəmə işçiləri tarixi Zəfər günlərini bizlərə yaşatdığına görə Prezidentə və Ordumuza sonsuz minnətdarlıq və ehtiram hissi keçirir. Qəti əminik ki, düşmənə endirilən “Dəmir Yumruq” xalqımızın firavan gələcəyi naminə bundan sonra da ölkəmizə yeni-yeni möhtəşəm qələbələr qazandıracaq.
Tağı Qənbərov
Tərtər Hərbi Məhkəməsinin hakimi