- 16:31
Hər il olduğu kimi, bu il də payız fəslinin gəlişi və tədris ilinin başlaması ilə əhali arasında mövsümi infeksiyalar, xüsusilə qrip və digər virus mənşəli xəstəliklər sürətlə yayılmağa başlayıb. Havanın dəyişkənliyi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və məktəb, bağça kimi kollektiv yerlərdə sıx təmas, infeksiyaların ötürülmə riskini daha da artırır. Xüsusilə məktəblərdə və uşaq bağçalarında təhsil alan övladlarının sağlamlığı valideynlərin əsas narahatlıq mənbələrindən birinə çevrilib. Qrip və digər yoluxucu xəstəliklərin uşaqlar arasında sürətlə yayılması, həmçinin ailə üzvlərinə ötürülməsi bu narahatlığı daha da gücləndirir. Bu vəziyyət fonunda hər il olduğu kimi, qripə qarşı peyvənd məsələsi yenidən cəmiyyətin gündəminə gəlir. Sosial mediada, ictimai müzakirələrdə və hətta valideynlər arasında bu peyvəndin effektivliyi, zəruriliyi və təhlükəsizliyi barədə fərqli fikirlər səsləndirilir. Bir çox valideyn peyvəndin uşaqlar üçün faydalı olub-olmadığı mövzusunda qərarsız qalır, bəziləri isə yan təsirlərdən ehtiyat edirlər.
Bəs qrip peyvəndləri xəstəliklərlə mübarizədə nə dərəcədə effektivdir? Bu sahədə hansı tədbirlər həyata keçirilir?
Tibb üzrə ekspert, həkim-terapevt Məlahət Abbasova e-huquq.az-a açıqlamasında peyvəndlərin əhəmiyyəti barədə danışıb.
"Mövsüm keçidləri zamanı, xüsusilə payız aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator viruslar əhali arasında geniş yayılmağa başlayır. Temperaturun kəskin enməsi və istilərin azalması ilə bədənin immun sistemi zəifləyir, nəticədə virus infeksiyalarına yoluxma halları artır. Qeyd etmək lazımdır ki, bütün virus xəstəliklərini "qrip" adlandırmaq düzgün deyil. Lakin əksər hallarda bu infeksiyalar yuxarı tənəffüs yollarını zədələyir və vaxtında müalicə olunmadıqda ağciyərlərə keçir. Bu isə müalicə prosesini daha da çətinləşdirir. Xəstəlik xüsusilə uşaqlarda və yaşlılarda ağır keçir və fəsadlar doğura bilər. Bəzi insanların immun sistemi güclü olduğundan xəstəliyi asanlıqla keçirə bilirlər, lakin bu, hər kəsə aid deyil. Buna görə də müəyyən profilaktik qaydalara əməl olunması vacibdir. İlk növbədə, immunitetin möhkəmləndirilməsi üçün bol meyvə və tərəvəz istehlak edilməlidir. Soyuq içkilərdən və dondurmalardan uzaq durmaq, havaların dəyişkənliyi fonunda uyğun geyim seçmək lazımdır. Yuxu rejiminə əməl etmək də immun sisteminin gücləndirilməsində mühüm rol oynayır. Bütün bu tədbirlərlə yanaşı, qrip əleyhinə peyvəndlərin vurulması da tövsiyə olunur. Həkim və tibb işçisi kimi mən qrip peyvəndlərinin tərəfdarıyam. Çünki təcrübəmdə dəfələrlə şahidi olmuşam ki, virusa yoluxmazdan əvvəl peyvənd olunmuş şəxslər xəstəliyi daha yüngül formada keçiriblər. Mövsüm dəyişikliyi dövründə qrip peyvəndi olmaq çox vacibdir. Bu peyvənd könüllüdür və icbari xarakter daşımır. Qrip əleyhinə bəzi peyvəndlər keçmiş SSRİ ölkələrindən, digərləri isə Avropa ölkələrindən gətirilir. Peyvənd vurulmaq istəyən vətəndaşlar yaşadıqları ərazi üzrə sahə poliklinikalarına müraciət edə bilərlər. Bununla yanaşı, bir çox özəl tibb müəssisələrində də qrip peyvəndi mövcuddur".
Həkim vurğulayıb ki, əhali arasında peyvəndə marağın artırılması üçün maarifləndirmə işləri mühüm rol oynayır: "Maarifləndirmə və profilaktik söhbətlər bu məsələdə mühüm rol oynayır. Xüsusilə sahə həkimlərinin üzərinə bu baxımdan böyük məsuliyyət düşür. Əgər sahə həkimi evə gedərək bir ailəyə peyvəndin əhəmiyyəti barədə məlumat versə, bu artıq həmin binada yaşayan digər sakinlərin də maariflənməsinə səbəb ola bilər. Bundan əlavə, televiziyada və digər kütləvi informasiya vasitələrində məlumat xarakterli çarxlar, xüsusi verilişlər və layihələr hazırlanmalıdır. Çünki məlumatı olmayan vətəndaş peyvəndin faydalarından necə xəbərdar ola bilər ki? Həkimlər qrip peyvəndlərinin əhəmiyyəti barədə nə qədər çox və dəqiq informasiya versələr, əhali arasında bu peyvəndə olan maraq da bir o qədər artacaq".
Mövzu ilə bağlı e-huquq.az olaraq Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, payız-qış mövsümündə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər davam etdirilir. Əhalinin sağlamlığının qorunması məqsədilə ölkəyə qrip peyvəndi gətiriləcək. Peyvəndlər tibb müəssisələrinə çatdırıldıqdan sonra bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Şəbnəm Mehdizadə