“Hakim korpusuna layiqli namizədlərin cəlb olunması üçün seçim prosesləri davam edir”


  • 12:15

“Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakim korpusuna yeni nəsil, layiqli hüquqşünasların cəlb edilməsi məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən yüksək tələbkarlıqla seçim prosesləri davam edir”.

E-huquq.az xəbər verir ki, bunu Hakimlərin Seçki Komitəsinin üzvü Samir Həsənov deyib.

O bildirib ki, bu gün keçirilən imtahanda 353 hüquqşünas iştirak edir:

“Məlum olduğu kimi, 7 noyabr 2024–cü ildə “Məhkəmələr və Hakimlər haqqında Qanun”a dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən seçim mərhələləri 4-dən 3-ə endirilib. Qanundakı hazırkı dəyişikliyə görə imtahanlar test, yazılı mərhələlərdən və şifahi müsahibə qaydasında aparılır. Qanunvericilikdə olan dəyişiklikdən irəli gələrək vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları yenidən işlənib və Məhkəmə-Hüquq Şurasının qərarı ilə təsdiq edilib. Yeni qaydalara əsasən, test tapşırıqlarının 90-ı qanunvericilik sahəsində namizədlərin biliklərinin yoxlanılması, 10-u isə məntiqi nəticələrin çıxarılması qabiliyyətinin müəyyən edilməsi məqsədi daşıyır. Hazırda imtahanlarda 350-dən çox hüquqşünas iştirak edir. İmtahan sualları namizədlər tərəfindən yüksək və müasir texnologiyalardan istifadə edilməklə fərdi qaydada kompüter vasitəsilə cavablandırılır. Namizəd hüquqşünasların nəticələri onlara dərhal sonra elan olunur. 60 və daha çox bal toplayaraq uğur qazanmış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar”.

S.Həsənov qeyd edib ki, hazırda hakimliyə namizədlərin mərhələli şəkildə seçim prosesi davam edir:

“Belə ki, 48 nəfər hakimliyə namizəd Ədliyyə Akademiyası tərəfindən təşkil olunmuş uzunmüddətli tədris kurslarına cəlb edilib. Onların tədris kursu oktyabr ayının əvvəllərində başa çatacaq. Daha 61 hakimliyə namizədin yeni qaydalarla şifahi müsahibəsi aparılır. Hazırda məhkəmə sistemində 648 hakim fəaliyyət göstərir, 152 vakansiya mövcuddur. Hakimlərin Seçki Komitəsi olaraq hakim olmaq arzusunda olan hüquqşünasları imtahanlarda fəal iştirak etməyə dəvət edirik. Əlavə edim ki, sənəd qəbulları da davamlı şəkildə aparılır”.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər