- 27 Sentyabr 16:36
"Azərbaycan Dövlət Neft Şirkətində yüksək vəzifələr tutmuş Adnan Əhmədzadə üçün həbs qərarı gözlənilməz olub".
E-huquq.az xəbər verir ki, onun vəkili Şaiq Mirzəyev BBC-yə deyib.
"Adnan Əhmədzadə tanınmış iş adamıdır. Uzun müddət SOCAR strukturunda çalışıb. Təbii ki, bu hadisə onun üçün gözlənilməz olub. Amma dözümlülük nümayiş etdirir və bu halda istintaqa ifadələr verir və digər istintaq hərəkətlərində də iştirak edəcək", - deyə vəkil bildirib.
Qeyd edək ki, Bakının Səbail Rayon Məhkəməsi sentyabrın 20-də SOCAR-da yüksək vəzifələr tutmuş Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Ş.Mirzəyev deyib ki, Adnan Əhmədzadə hazırda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Onun sözlərinə görə, hələlik məhkəmə qərarından apellyasiya şikayəti vermək fikirləri yoxdur: "Dörd ay ərzində istintaq hərəkətləri iştirak edəcəyik. İşlə əlaqədar həqiqətin üzə çıxarılmasına çalışacağıq",
Vəkil cinayət işinin detalları barədə danışmasa da, mediada yayılan ittihamların Adnan Əhmədzadənin təqsirsizlik prezumpsiyasının pozduğunu bildirib.
O, BBC-yə açıqlamasında mediada səsləndirilən ittihamların heç birinə münasibət bildirməyib və bunu istintaq materiallarında olan hər bir məlumatın istintaq sirri olması ilə əlaqələndirib.
Eyni zamanda o, A.Əhmədzadənin konkret hansı maddələrlə ittiham olunduğunu da açıqlamayıb.
Yalnız onu deyib ki, Əhmədzadə ağır cinayətlərdə ittiham olunur.
Yerli mediada iddia olunur ki, A.Əhmədzadə Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətməkdə və külli miqdarda mənimsəmədə ittiham olunur.
Rəsmi qurumlar bu iddiaları hələlik nə təkzib, nə də təsdiq ediblər.
AZTV-nin bir süjetində Əhmədzadənin ofşor zonalarda şirkətlər şəbəkəsi yaradaraq Rusiya neftinin Avropa bazarında saxta sertifikatlarla satdığı iddia olunub.
Süjetdə həmçinin Azərbaycan neftinin xloridlə çirklənməsi və bunun nəticəsində dünya bazarında Azərbaycan neftinin qiymətinin düşdüyü, ölkəyə 2 milyard dollarlıq zərər dəydiyi iddia olunub.
İyulun 23-də BP-nin Azərbaycan ofisi Ceyhan Limanındakı bəzi çənlərdə üzvü xloridin aşkarlandığını açıqlamışdı. BP BBC-yə sentyabrın 22-dən etibarən problemin həll edildiyini lakin xloridin bəzi çənlərə necə düşdüyü və zərərin miqdarını araşdırmağa davam etdiyini bildirib.