- 1 Oktyabr 23:47
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 1-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitinin açılış mərasimində çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən e-huquq.az-a verilən xəbərə görə, Sahibə Qafarova CAR-ın G20-yə sədrliyi üçün qəbul etdiyi “Həmrəylik, Bərabərlik və Davamlılıq” mövzusunun dünyamızın ehtiyac duyduğu mövzular olduğunu söyləyib.
Bu mövzuların Azərbaycanın da bölüşdüyü prinsiplər olduğunu diqqətə çatdıran Milli Məclisin sədri xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasındakı nitqində ölkəmizin baxışını- beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərini təqdim edib.
Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına həyata keçirməklə, öz ərazilərini Ermənistanın 30 illik işğalından azad edərkən bu baxışa sadiq qalıb. Ermənistanla sülh prosesinə başlayarkən və bu ilin avqustunda Vaşinqtonda sülh sazişinin mətnini paraflayarkən isə onu davam etdirib. Spiker qeyd edib ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” başa çatdıqdan sonra Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat qovşağına çevriləcək.
O, gələn ilin may ayında ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun və Ümumdünya Ətraf Mühit Gününün keçiriləcəyini qeyd edərək, bu tədbirin həmrəylik, bərabərlik və davamlılığa nail olmaq istiqamətində daha bir qlobal platforma olacağını bildirib.
Spiker Sahibə Qafarova bu mühüm beynəlxalq tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti haqqında da məlumat verib.