Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində yeni təyinat oldu


  • 2 Oktyabr 15:52

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini vəzifəsinə yeni təyinat olub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Mərkəzin Müşahidə Şurasının qərarı ilə Kamalə Paşayeva cari ilin 1 oktyabr tarixindən İcraçı direktorun müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Kamalə Paşayeva 1984-cü ildə anadan olub. 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinin bakalavr pilləsini, 2010-cu ildə Bakı Dövlət Universitetinin magistr pilləsini Dövlət hüququ ixtisaslaşması üzrə fərqlənmə ilə bitirib.

Əmək fəaliyyətinə 2004-cü ildən bir sıra özəl təşkilatlarda hüquqşünas vəzifəsində başlayan Kəmalə Paşayeva 2013-cü ildə Bakı Apellyasiya Məhkəməsində dövlət qulluğuna qəbul edilib. 2015-ci ildən dövlət qulluğunu Azərbaycan Respublikası Milli Məclisinin Aparatında davam etdirib. 2020-2025-ci illərdə həmin Aparatın Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri vəzifəsində çalışıb.

Eyni zamanda o, Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı işçi qrupunun üzvüdür.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər