BDU-nun Hüquq fakültəsinin müəllim və tələbələri XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib - FOTO


  • 6 Oktyabr 17:57

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, müəllim və tələbələri 6 oktyabr 2025-ci il tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib.

E-huquq.az xəbər verir ki, builki sərgi “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunaraq ölkəmizin mədəni, elmi və hüquqi irsinin təbliğini, həmçinin kitab sənayesinin inkişafına dəstək göstərməyi hədəfləyib.

Sərgidə 30-dan çox ölkədən nəşriyyatlar, elmi-tədqiqat mərkəzləri, universitetlər və ictimai təşkilatlar iştirak edirlər. Sərgi çərçivəsində Hüquq fakültəsinin nümayəndələri Milli Kitabxananın pavilyonunda nümayiş olunan və Qızıl fonda daxil olan Azərbaycan SSR-in ilk əsas qanunu olan 1921-ci il Konstitusiyasının nadir nüsxələri ilə tanış olublar.

Burada Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycanın konstitusion inkişaf tarixi, həmçinin müəllifi Ulu Öndər Heydər Əliyev olan ilk milli konstitusiyanın hüquqi əhəmiyyəti haqqında tələbələrə ətraflı məlumat verib. Müəllim və tələbələr, həmçinin Bakı Dövlət Universitetinin guşəsi ilə tanış olub, burada universitetin müxtəlif fakültələri tərəfindən nəşr edilmiş elmi jurnallar, dərs vəsaitləri və monoqrafiyalarla tanış oublar.

Ümumilikdə, kitab sərgisi ilə tanışlıq tələbələrin dünyagörüşünün artırılmasına, tarixi sənədlərlə tanışlığına və kitab mədəniyyəti haqqında məlumatlarının genişlənməsinə töhfə verib. Mədəniyyət Nazirliyi tərəfindən yüksək səviyyədə təşkil olunmuş XI Bakı Beynəlxalq Kitab Sərgisi Hüquq fakültəsinin tələbələri üçün həm maarifləndirici, həm də praktik baxımdan faydalı təcrübə olub.

Oxşar xəbərlər