- 9 Oktyabr 22:23
"CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı kibertəhlükəsizlik tədbiri artıq ölkəmizdə ikinci dəfədir ki, keçirilir. Tədbir dörd hissədən ibarət olacaq. İlk hissədə 360-dan çox mütəxəssis kibertəhlükəsizlik təlimi keçiriləcək".
E-huquq.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Bakıda keçirilən "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (Critical Infrastructure Defence Challenge-CIDC 2025) kibertəhlükəsizlik festivalı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu təlimlər çox spesifik istiqamətləri əhatə edir:
"Daha sonra festival çərçivəsində informasiya təhlükəsizliyi sərgisi baş tutacaq. Burada iştirakçılar və qonaqlar kibertəhlükəsizliklə bağlı həllər, texnoloji yeniliklərlə tanış ola biləcək. Üçüncü hissədə ağıllı şəhər və kritik infrastrukturlarla bağlı maraqlı mövzular müzakirə olunacaq. Burada həm təqdimat həm də panel müzakirəsi nəzərdə tutulub. Bundan başqa tədbir çərçivəsində kibermüharibə yarışı keçiriləcək. Kibermüharibə yarışının builki mövzusu ağıllı şəhərlər və kritik infratrukturlarla bağlı olacaq. Bu da təsadüfi deyil. Cənab Prezident İlham Əliyevin kritik infrastrukturların təhlükəsizliyi ilə bağlı bir sıra tapşırıqları var. Həmin tapşırıqlardan irəli gələn bir sıra qanunvericilik aktlar imzalanıb. Məqsədimiz bu sahədə maarifləndirmə işini və təcrübə mübadiləsini yüksəltməkdir. Bu kibersimulyasiyalar da bu istiqamətə yönəlib".
T.Məmmədov qeyd edib ki, ölkəmizdə CIDC-2025 çərçivəsində 20 yerli və 5 xarici komanda final mərhələsində yarışacaq:
“Bu komandalar Bakı şəhərinin simulyasiya olunmuş modelində bir sıra obyektlərə olan kibehücumları aşkarlamaq üçün öz səylərini göstərəcək və onları analiz edəcək. Eyni zamanda həmin infrastrukturlarda informasiya təhlükəsizliyi boşluqlarının aşkarlanmasında öz təcrübələrini göstərəcək. Burada söhbət hava, torpaq və dənizdə olan kritik infratsrukturların simulyasiyasından söhbət gedir. Hava ilə bağlı simulyasiyaya hava limanının, təyyarələrin idarə olunmasını nümunə göstərmək olar. Yerlə bağlı simulyasiya taksilərin izlənməsini, işıqforların və şəhər nəqliyyatının, sərbəst ödəmə məntəqələrinin idarə olunması kimi ola bilər. Dənizlə bağlı simulyasiyada isə neft daşlarını göstərmişik, yəni neft emalının idarə olunması sistemlərinə kiber hücumlar simulyasiya olunacaq”.
Humay Eminqızı