- 17:15
Konstitusiya dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan ali qanunvericilik aktıdır. Hər bir dövlətin inkişafı və idarə olunması üçün əsas hüquqi sənəd – Konstitusiya mühüm əhəmiyyət daşıyır. Konstitusiya yalnız hüquqi çərçivə deyil, həm də dövlət suverenliyinin, ərazi bütövlüyünün və xalqın iradəsinin, milli birliyin rəmzidir.
Suverenlik - ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir. Konstitusiya Suverenliyə hüquqi forma verir. Əgər suverenlik dövlətin siyasi iradəsidirsə, konstitusiya həmin iradənin yazılı şəkildə təsbit olunmuş hüquqi təcəssümüdür.
Suveren Azərbaycan Respublikasının Konstitusiyası – hüquqi və milli təhlükəsizliyin zəmanəti. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi. 1990-cı illərin əvvəllərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşən ölkəmiz beynəlxalq birlik tərəfindən tanınmış və suveren Azərbaycan hakimiyyətinin coğrafi sərhədləri daxilində yerləşən ərazilərinin 20 faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldı. BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etmişdi. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, XX əsrin dəhşətli soyqırımları törədilmişdir. Bu ərazilər işğal edilsə də suveren Azərbaycan ərazisi olaraq tanınırdı.
Çünki suverenlik dövlətin davamlılığını və qarşılıqlı münasibətlərini təmin edən əsas amil kimi çıxış edir. Ermənistanın müasir dövlət prinsiplərinə yanaşması orta əsr yanaşmasına əsaslanırdı. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi nəticə vermədi. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin əsas qanunu kimi çıxış etdi. Bu sənəd xalqın iradəsinə əsaslanır və onun hüquqlarını, azadlıqlarını, vətəndaş cəmiyyətinin əsas prinsiplərini təsbit edir. 1995-ci il iyunun 5-də yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclasında geniş nitq ilə çıxış edən Ulu öndər Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu tarixinə geniş şəkildə toxunmuş və qeyd etmişdir ki, müstəqil dövlətimizin ilk Konstitusiya layihəsinin hazırlanması tarixi nöqteyi-nəzərdən olduqca böyük və mühüm bir hadisədir. Həmin çıxışında Ümummilli lider qeyd etmişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də mən dedim ki, üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox məsuliyyətlidir”.
Zəfər Günü - Hər bir xalqın tarixində unudulmaz, şərəfli və qürurverici günlər vardır. Azərbaycan xalqı üçün belə günlərdən biri 8 Noyabr – Zəfər Günüdür. Bu gün 30 ilə yaxın müddət işğal altında olan torpaqlarımızın azad edilməsi, təkcə hərbi qələbənin deyil, həm də siyasi iradənin, xalq-dövlət birliyinin və milli birliyin təntənəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu torpaqlarımızı azad etdi və tarixi ədaləti bərpa etdi. Bu zəfər, eyni zamanda ölkəmizin tam suverenliyinin təmin olunmasının başlanğıcı oldu.
Antiterror əməliyyatları-əbədi və əzəli suverenlik. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar. Bu lokal antiterror tədbirlərinin sonunda Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi.
Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalandı.
Xüsusilə onu da qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Şəhidlərimizin qanı, canı bahasına qazanılan suverenliyimizi gələcək nəsillər qoruyacaq, bu günün həm tarixini, həm də əzəmətini heç vaxt unutmayacaq.
2025-ci il - Konstitusiya və Suverenlik ili. 2025-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər. Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Bahar Bayramzadə
Saatlı rayon prokurorluğunun müstəntiqi