- 15:18
"Gənc hüquqşünaslar sağlam rəqabət mühitində yarışır".
Bunu Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev e-huquq.az-a açıqlamasında deyib.
O bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş III Respublika Hüquq Olimpiadası keçirilir.
Dekan vurğulayıb ki, olimpiadalar hər il may ayının əvvəllərində ümummilli liderin xatirəsinə ehtiram olaraq təşkil olunur.
"Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, hüquq islahatlarının banisidir. Onun təşəbbüsü ilə Azərbaycan Konstitusiyası və hüquqi dövlətin inkişafına xidmət edən normativ hüquqi aktlar qəbul olunub. Ulu Öndər hər zaman hüquq təhsilinə böyük önəm verib. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir", - deyə Z.Əliyev qeyd edib.
O deyib ki, Heydər Əliyev Fondunun rolu da xüsusi əhəmiyyət daşıyır.
"Fond Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında təhsilin və gənclərin inkişafı üçün böyük layihələr icra edir. Fondun gənclərin inkişafına verdiyi töhfə əvəzedilməzdir", - deyə dekan əlavə edib.
Z.Əliyev bildirib ki, hüquq olimpiadaları gənclərin nəzəri biliklərini praktikada sınamasına və sağlam rəqabət mühitində yarışmasına xidmət edir: "Bu ənənə hüquq cəmiyyətində gənc hüquqşünaslar arasında böyük populyarlıq qazanıb. BDU Hüquq fakültəsi olaraq biz bu ənənələri yaşatmaq və inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Bu il olimpiada bir sıra yeniliklərlə fərqlənir. İlk dəfə olaraq yarışma tam rəqəmsallaşdırılıb. Texnologiyanın hüquqda tətbiqi, süni intellekt və informasiya-kommunikasiya texnologiyalarının inkişafı müasir hüquqşünaslar üçün önəmlidir".
O, həmçinin Qarabağ Universitetinin ikinci dəfə olimpiadada iştirak etdiyini vurğulayıb.
"Suverenliyimizin bərpası ilə Xankəndidə qurulan Qarabağ Universitetində tələbələr hüquq təhsili alır və bu yarışmalarda iştirak edirlər", - deyə Z.Əliyev qeyd edib.
Olimpiadanın Baş prokuror Kamran Əliyevin dəstəyi ilə keçirildiyini bildirən dekan, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin olimpiadaya ev sahibliyi etdiyini qeyd edib.
Onun sözlərinə görə, bu il ilk dəfə olaraq yarışmada 9 komanda iştirak edir, hər komandada 5 tələbə təmsil olunur.
Z.Əliyev bildirib ki, indiyə qədər yüzlərlə tələbə olimpiadada iştirak edib: "Əsas məqsəd burada iştirak etməkdir. Çünki yalnız seçilmiş tələbələr olimpiadada iştirak edə bilər".
Şəbnəm Mehdizadə