"WUF13 platforması dünyanın dayanıqlı gələcəyinin konturlarını müəyyən etdi" - Deputat


  • 14:38

"Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal şəhərsalma dialoquna əhəmiyyətli töhfələr verib".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. O, Bakıda keçirilən forumun uğurla başa çatdığını bildirib.

Qeyd edib ki, mayın 17-dən 22-dək keçirilən tədbirdə 176 ölkədən 57 000 iştirakçı, o cümlədən 27 dövlət və hökumət başçısı, BMT-nin profil strukturlarının rəsmiləri və urbanistika üzrə aparıcı ekspertlər şəhər mühitinin harmonik inkişafını müzakirə ediblər. Forumun əsas müzakirə mövzusu meqapolislərin ən kəskin problemləri - ekoloji gərginlik, hava çirkliliyi, tullantıların idarə olunması və tikintidə aşağı enerji səmərəliliyi olub.

Deputat deyib ki, Azərbaycan WUF13 platformasında bu çağırışların həllinə dair öz strateji baxışını və xüsusilə Qarabağ regionunda şəhər ilə kəndlərin yenidən qurulması sahəsində qazandığı unikal təcrübəni təqdim edib.

"BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər dünya əhalisinin 68%-i (təxminən 6,4 milyard insan) urbanizasiya təzyiqi, təmiz su qıtlığı və nəqliyyat böhranı ilə üzləşən irimiqyaslı şəhərlərdə yaşayacaq. Bu kontekstdə urbanizasiya proseslərinin optimallaşdırılması bəşəriyyət üçün təxirəsalınmaz vəzifədir. Şəhərsalma Azərbaycanın milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biridir. Ölkədə tətbiq olunan müasir yanaşmalar inklüzivlik, iqlim dəyişikliyinə davamlı infrastrukturun qurulması, pozulmuş ekosistemlərin bərpası və təbii landşaftların memarlığa inteqrasiyası prinsiplərinə əsaslanır. Azərbaycanın müasir şəhərsalma siyasəti texnoloji tərəqqi ilə mədəni irsin qorunmasının vəhdətinə söykənir", - deyə K.Bayramov qeyd edib.

"Forum iştirakçısı, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bildirib ki, şəhərlərin salınması artıq yalnız iqtisadi göstəricilərlə deyil, ekoloji təhlükəsizlik və sosial rifah prinsipləri ilə ölçülməlidir. O söyləyib ki, gələcək nəsillərin ehtiyaclarını qarşılamaq üçün şəhər mühitində mütləq "yaşıl" texnologiyalar tətbiq edilməli, enerjidən səmərəli istifadə olunmalı, sirkulyar iqtisadiyyata və rəqəmsal idarəetməyə keçid təmin edilməlidir. Bu istiqamətdə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan model bütün ölkə üçün vahid şəhərsalma baxışını - "Yeni Azərbaycan Şəhəri" konsepsiyasının əsasını qoyur. Azad edilmiş ərazilərdə sınaqdan çıxarılan "yaşıl şəhər" modeli çərçivəsində binaların izolyasiyası, qənaətcil istilik təchizatı və bərpa olunan enerji mənbələri (günəş kollektorları, istilik nasosları və damlarda quraşdırılan panellər) uğurla tətbiq edilir. Küçə işıqlandırılmasında günəş enerjili LED lampalardan istifadə olunur, həmçinin intellektual enerji idarəetməsi və tullantıların ekoloji utilizasiyası sistemləri qurulur", - deputat bildirib.

K.Bayramov vurğulayıb ki, meqapolis ekologiyasının ən vacib komponenti olan hava keyfiyyətinin yaxşılaşdırılması da WUF13 çərçivəsində ayrıca diqqət mərkəzində olub: "Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və "Clean Air Fund" (CAF) təşkilatının tərəfdaşlığı ilə "Yeni şəhər gündəliyində həyat nəfəsi: dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası" mövzusunda yüksəksəviyyəli forum təşkil edilib. İştirakçılara müraciətində Leyla Əliyeva təmiz havanın insan sağlamlığı və təhlükəsiz gələcək üçün fundamental əhəmiyyətini vurğulayıb. O, sənaye tullantılarının azaldılması istiqamətində beynəlxalq səylərin birləşdirilməsinin, elektrikli ictimai nəqliyyatın və yaşıl zonaların genişləndirilməsinin, eləcə də insanpərvər şəhər mühitinin yaradılmasının vacibliyini qeyd edib".

Deputat qeyd edib ki, diqqətçəkən məqamlardan biri də odur ki, tədbirin yekununda şəhərsalma layihələrində ekoloji meyarları ön plana çıxaran və bu mövzunu gələcək Dünya Şəhərsalma Forumlarının daimi gündəliyinə daxil edən "Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı" adlı kommünike qəbul olunub: "Beləliklə, Bakı forumu qlobal şəhərsalma dialoquna əhəmiyyətli töhfələr verib. Sessiyanın ən yaddaqalan və tarixi qərarlarından biri - Azərbaycanın təşəbbüsü və UN-Habitat layihəsi çərçivəsində "Bakı Şəhərsalma Mükafatı"nın (Baku Urban Award) təsis edilməsi olub. Bu mükafat bundan sonra Dünya Şəhərsalma Forumu çərçivəsində təqdim edilən yeganə beynəlxalq mükafat statusunu daşıyacaq".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər