- 17:12
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun və iqtisadi potensialının mühüm göstəricisidir.
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O qeyd edib ki, Bakıda uğurla təşkil olunan forum Azərbaycanın siyasi mövqeyinin güclənməsini, beynəlxalq arenada daha çox tanınmasını və regionun əsas güc mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir.
A.Hüseynovun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi həm də Azərbaycanın şəhərsalma və memarlıq sahəsində həyata keçirdiyi siyasətin nəticəsidir: “Azərbaycan qədim dövrlərdən zəngin şəhərsalma ənənələrinə malik olub. Naxçıvan, Bakı, Gəncə, Şəki və Şamaxı kimi şəhərlərdə memarlıq kompleksi və şəhər mədəniyyəti formalaşıb. Bu ənənələr sonrakı dövrlərdə də davam etdirilib. Bakı bu gün həm tarixi memarlığı, həm də müasir şəhərsalma elementlərini özündə birləşdirən unikal şəhərlərdən biridir”.

Deputat vurğulayıb ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri də Azərbaycanın müasir şəhərsalma konsepsiyasının nümunəsidir. Onun sözlərinə görə, bölgədə “ağıllı kənd” və “yaşıl enerji” layihələrinin tətbiqi urbanizasiya siyasətinin mühüm istiqamətlərindəndir.
A.Hüseynovun fikrincə, forum ölkənin turizm sektoruna, investisiya mühitinə və beynəlxalq iqtisadi əlaqələrinə də müsbət təsir göstərəcək: “Qonaqlar Azərbaycanın qonaqpərvərliyindən və forumun yüksək səviyyədə təşkilindən razılıq ifadə etdilər. Bu cür beynəlxalq tədbirlər gələcəkdə iqtisadi, mədəni və humanitar əlaqələrin daha da genişlənməsinə töhfə verir”.
Şəbnəm Mehdizadə