Operativ gömrük idarəçiliyi: biznes subyektlərinə diqqət və yüksək məmnunluq səviyyəsi


  • 09:15

Azərbaycanda son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar bütün sahələrdə olduğu kimi, gömrük sistemində də mühüm yeniliklərlə müşayiət olunmaqdadır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən inkişaf strategiyasına uyğun olaraq Dövlət Gömrük Komitəsində aparılan islahatlar ölkədə şəffaflığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, vətəndaş məmnunluğunun təmin olunması və müasir idarəetmə mexanizmlərinin tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu gün artıq Azərbaycan gömrüyü yalnız nəzarət funksiyasını həyata keçirən bir qurum deyil, eyni zamanda iqtisadi inkişafın, biznes mühitinin yaxşılaşdırılmasının və beynəlxalq ticarətin sürətləndirilməsinin əsas iştirakçılarından birinə çevrilmişdir. Rəqəmsallaşma, elektron xidmətlərin geniş tətbiqi, süni maneələrin aradan qaldırılması, operativ qərarvermə mexanizmlərinin yaradılması və şəffaf idarəçilik prinsiplərinin tətbiqi aparılan islahatların əsas istiqamətlərindəndir.

Məlum olduğu kimi, cənab Prezidentin fərmanı əsasında “Yaşıl dəhliz” mexanizminin fəaliyyətə başlaması ölkədə gömrük sisteminin biznesə yanaşmasında ciddi yeniliklər yaratdı. Bu modelin tətbiqi sahibkarlarla gömrük orqanları arasında münasibətlərin daha açıq və operativ formada qurulmasına şərait yaratdı, nəticədə isə idxal və ixrac əməliyyatlarının həm sürəti, həm də dövriyyəsi əhəmiyyətli dərəcədə yüksəldi. “Yaşıl dəhliz” sistemi sahibkarların iş yükünü azaltmaqla yanaşı, onların dövlət orqanlarına olan etimadının möhkəmlənməsində də mühüm rol oynadı.

Bununla yanaşı, gömrük orqanları fəaliyyətinin daha operativ və səmərəli təşkili məqsədilə “Gömrük İNKİŞAF modeli”nin təqdim etdiyi müasir yanaşmalardan geniş istifadə edir. Bu modelin əsas hədəfi gömrük sistemində innovativ mexanizmlərin tətbiqini genişləndirmək, xidmət keyfiyyətini yüksəltmək və vətəndaşlarla sahibkarlar üçün daha əlçatan, şəffaf və praktik həllər formalaşdırmaqdır. Eyni zamanda, model gömrük proseslərinin sadələşdirilməsinə və xidmətlərin daha effektiv şəkildə həyata keçirilməsinə xidmət edir. Bu isə müasir dövrün tələblərinə cavab verən çevik və peşəkar gömrük idarəçiliyinin formalaşmasının göstəricisidir.

Aparılan islahatların mühüm nəticələrindən biri də gömrük sisteminin səmərəliliyinin əhəmiyyətli dərəcədə artmasıdır. İdarəetmədə tətbiq olunan yeni mexanizmlər, şəffaflığın artırılması və nəzarət sisteminin təkmilləşdirilməsi nəticəsində dövlət büdcəsinə daxil olan gömrük ödənişlərinin həcmində ciddi yüksəliş müşahidə olunur. Bu isə həm iqtisadi inkişafın sürətlənməsinə, həm də dövlətin maliyyə dayanıqlığının güclənməsinə mühüm töhfə verir.

Gömrük sistemində kadrların inkişafı istiqamətində də mühüm addımlar atılır. Əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir, müasir idarəçilik prinsipləri və beynəlxalq təcrübə geniş şəkildə tətbiq olunur. Bu yanaşma gömrük xidmətinin daha peşəkar, çevik və müasir standartlara uyğun fəaliyyət göstərməsinə şərait yaradır. Məhz peşəkar kadr potensialının gücləndirilməsi xidmət keyfiyyətinin yüksəlməsində mühüm rol oynayır.

Bir hüquqşünas və vəkil kimi şəxsi fəaliyyətim dövründə də Dövlət Gömrük Komitəsinin və xüsusilə Bakı Baş Gömrük İdarəsinin operativ və peşəkar fəaliyyətinin şahidi olmuşam. Təcrübəmdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir şəxsin müəyyən gömrük məsələsi ilə bağlı qarşılaşdığı problemin qısa müddət ərzində araşdırılaraq həll olunması buna bariz nümunədir. Müraciət dərhal diqqətə alınmış, operativ araşdırma aparılmış və Bakı Baş Gömrük İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun, obyektiv və ədalətli qərar qəbul edilmişdir. Nəticədə sahibkarın fəaliyyəti qısa zamanda bərpa olunmuş, əlavə vaxt və maliyyə itkisi yaranmamışdır.

Bu kimi nümunələr bir daha göstərir ki, müasir Azərbaycan gömrüyündə vətəndaş məmnunluğu əsas prioritetlərdən birinə çevrilmişdir. Dövlət-vətəndaş münasibətlərində çeviklik, şəffaflıq və operativlik artıq real fəaliyyət prinsipi kimi tətbiq olunur. Bu isə həm sahibkarların dövlət qurumlarına olan inamını artırır, həm də ölkəmizdə sağlam biznes mühitinin formalaşmasına mühüm töhfə verir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırovun rəhbərliyi ilə həyata keçirilən islahatlar gömrük sisteminin müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilməsinə mühüm töhfə verir. Onun rəhbərliyi dövründə idarəetmədə çevikliyin artırılması, şəffaflığın təmin olunması, rəqəmsal texnologiyaların tətbiqi və insan amilinə xüsusi həssas yanaşma gömrük orqanlarının fəaliyyətində mühüm müsbət nəticələr ortaya çıxarmışdır.

Eyni zamanda Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun peşəkar fəaliyyəti, operativ idarəetmə bacarığı və vətəndaş müraciətlərinə həssas münasibəti xüsusilə təqdirəlayiqdir. Sahibkarların problemlərinin vaxtında araşdırılması və qanun çərçivəsində operativ həlli istiqamətində görülən işlər dövlət-vətəndaş münasibətlərində etimad mühitinin daha da möhkəmlənməsinə xidmət edir.

Hesab edirəm ki, ölkədə həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olaraq gömrük sahəsində aparılan islahatlar Azərbaycanın iqtisadi inkişafına, sahibkarlığın genişlənməsinə və beynəlxalq iqtisadi münasibətlərdə mövqeyinin güclənməsinə mühüm töhfə verir. Bu istiqamətdə çalışan bütün gömrük əməkdaşlarına, xüsusilə də rəhbərliyə təşəkkürümü bildirir, fəaliyyətlərində uğurlar arzulayıram.

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü

Hüquq elmləri üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər