- 12:41
"Gender əsaslı sosial risk göstəricilərində azalma müşahidə olunur".
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı" təqdim edərkən deyib.
O, çıxışında sosial tendensiyalar və ictimai dayanıqlılıq məsələlərinə toxunaraq bildirib ki, gender əsaslı və sosial risk göstəricilərində müşahidə olunan dinamika dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlərin daha səmərəli nəticə verdiyini göstərir.
Onun sözlərinə görə, bu, müraciətlərin azalması, mühafizə orderlərinin artması və erkən müdaxilə mexanizmlərinin genişlənməsi kimi bir-birini tamamlayan tendensiyalarda özünü göstərir.
B.Muradova qeyd edib ki, bu göstəricilər Dövlət Komitəsinə, müvafiq qurumlara və qaynar xətt xidmətlərinə daxil olan müraciətlər, nikah və doğum, gender əsaslı cinayət və hüquqpozmalar üzrə hazırda slaydlarda təqdim olunan statistikada da öz əksini tapır.
Komitə sədri əlavə edib ki, 18 yaşadək analar və erkən evlilik üzrə göstəricilərin son üç ildə təxminən 50%-ə yaxın azalması xüsusi olaraq qeyd olunmalıdır.
O, bu nəticəni yalnız hüquqi tədbirlərlə deyil, həm də təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsi və ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsi kimi qiymətləndirib.
Şəbnəm Mehdizadə