- 12:41
"Əmək bazarında müşahidə olunan dəyişikliklər qadınların iqtisadi fəallığının davamlı şəkildə artdığını göstərir".
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı" təqdim edərkən deyib.
Komitə sədri qeyd edib ki, orta əməkhaqqında artım tempi müsbətdir, peşə hazırlığında qadınların üstünlük təşkil etməsi xüsusilə diqqətçəkicidir və özünüməşğulluq proqramlarında iştirak da genişlənməkdədir.
Onun sözlərinə görə, bu tendensiya qadınların əmək bazarında daha çox bacarıq əsaslı və dayanıqlı iqtisadi modelə keçidə üstünlük verdiyini göstərir.
B.Muradova vurğulayıb ki, əmək hüquqlarının təmin olunmasında bərabərlik, pensiya təminatı, işsiz və məşğul əhalinin cins bölgüsünə dair rəqəmlər insan kapitalı və təhsilin transformasiyasındakı mövcud nisbəti ortaya qoyur.
O əlavə edib ki, hazırda ali təhsildə qadınların üstünlüyü, magistratura səviyyəsində balanslaşma və peşə təhsilində tədrici diversifikasiya insan kapitalının keyfiyyətcə yüksəldiyini göstərir.
Komitə sədri 2020-ci ildə başlatdıqları “Qızların Təhsilinə Dəstək” layihəsinin 9 istiqamət üzrə proqramları və tələbə qızların artan sayı ilə bu missiyanın daha da genişləndiyini bildirib.
B.Muradovanın sözlərinə görə, bu proses Azərbaycanda təhsil və iqtisadiyyat arasında struktur məzmunlu uyğunlaşmanın gücləndiyini göstərir.
Şəbnəm Mehdizadə