- 08:47
Uşaq hüquqlarının qorunması, onların sağlamlığı təhlükəsizliyi yalnız ailələrin deyil, bütövlükdə cəmiyyətin və dövlətin gələcəyinin təminatı, onlara göstərilən diqqət isə ölkənin inkişaf səviyyəsinin, humanist dəyərlərə sadiqliyinin və gələcəyə baxışının ən mühüm göstəricilərindəndir.
Azərbaycan Respublikasında son illər uşaqların hüquqlarının müdafiəsi və rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən siyasət Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam etdirilir. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsləri və sosial-humanitar layihələri isə uşaqların təhsil, sağlamlıq, sosial müdafiə və inkişaf imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.
Bu siyasətin əsas məqsədi hər bir uşağın hüquqlarının təmin edilməsi, onun təhlükəsiz və sağlam mühitdə böyüməsi, keyfiyyətli təhsilə çıxışı, sosial müdafiəsi və cəmiyyət həyatında fəal iştirakıdır.
Son illər Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi istiqamətində qəbul edilmiş normativ hüquqi aktlar dövlət siyasətinin yeni mərhələyə keçdiyini göstərir.
Qəbul edilmiş qanun və qərarlar uşaqların təhsil hüququnun genişləndirilməsi, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, inklüziv təhsil imkanlarının artırılması və hüquqi müdafiə sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İşğaldan azad olunmuş ərazilərdə yaşayan və peşə təhsili alan şəxslərin təhsil haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər sosial ədalət prinsipinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, uşaqların hüquqlarının monitorinqi üzrə yeni meyarların müəyyən olunması, dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmət keyfiyyəti standartlarının təsdiqlənməsi bu istiqamətdə mühüm addımlardandır.
Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı yeni tənzimləmələr, xüsusi təhsil və reabilitasiya xidmətləri üzrə standartların yenilənməsi dövlətin uşaqlara yönəlmiş kompleks siyasətinin tərkib hissəsidir.
Son illər təhsil hüququnun təmin olunması istiqamətində mühüm nəticələrlə yadda qalmışdır. Ölkə üzrə onlarla yeni təhsil müəssisəsi inşa edilmiş, bir sıra məktəbdə əsaslı təmir işləri və əlavə korpus tikintisi həyata keçirilmişdir.
Minlərlə gəncin peşə təhsilinə yönləndirilməsi əmək bazarına uyğun insan kapitalının formalaşdırılması baxımından mühüm göstəricidir.
Xüsusi diqqət tələb edən məsələlərdən biri də təhsildən yayınmanın qarşısının alınması, yüzlərlə şagirdin yenidən təhsilə qaytarılması dövlət qurumlarının, məktəblərin, ailələrin və ictimaiyyətin birgə fəaliyyətinin nəticəsidir.
Əlilliyi olan uşaqların böyük hissəsinin təhsilə cəlb olunması, xüsusi təhsil proqramlarının genişləndirilməsi, reabilitasiya və sosial xidmətlərin əlçatanlığının artırılması dövlətin inklüziv yanaşmasının göstəricisidir.
Bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları, sosial xidmət təşkilatları, beynəlxalq tərəfdaşlar və media da fəal iştirak edir.
Reabilitasiya proqramları, inklüziv düşərgələr, psixoloji dəstək layihələri və sosial-mədəni tədbirlər minlərlə uşağın inkişafına müsbət təsir göstərir.
Sosial müdafiə istiqamətində 10 minlərlə uşağa müxtəlif sosial müavinətlər ödənilir, minlərlə uşaq sosial-psixoloji xidmətlərlə əhatə olunur.
Çətin həyat şəraitində yaşayan uşaqlarla bağlı müdaxilə mexanizmləri gücləndirilir, himayədar ailə institutunun inkişafı istiqamətində yeni addımlar atılır.
Gənc nəslin sağlamlığı məsələləri gələcəyə yöməlmiş ən vacib yatırım kimi dövlətin fiqqıt mərkəzindədir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlarla bağlı dövlət siyasətinin həyata keçirilməsində əlaqələndirici roluna uyğun olaraq, dövlət qurumları, Milli Məclis, yerli icra hakimiyyətləri, bələdiyyələr, qeyri-hökumət təşkilatları, media nümayəndələri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində çoxsaylı layihələr həyata keçirir.
Ötən bir il ərzində uşaq hüquqları sahəsində yüzlərlə təlim, seminar, konfrans və görüş təşkil edilmiş, regionlarda maarifləndirmə tədbirləri keçirilmişdir.
Erkən evliliklərlə mübarizə, kibertəhlükəsizlik, rəqəmsal mühitdə uşaqların müdafiəsi, sağlam həyat tərzi, psixoloji dayanıqlılıq və hüquqi maarifləndirmə istiqamətlərində aparılan fəaliyyətlər geniş ictimai dəstək qazanmaqdadır.
Media ilə əməkdaşlıq bu sahədə xüsusi əhəmiyyət kəsb edir. Uşaq hüquqlarının təşviqi, risklərin ictimailəşdirilməsi və maarifləndirmə işində televiziya, çap və rəqəmsal media mühüm rol oynamaqdadır.. Bu istiqamətdə jurnalistlərin peşəkarlığının artırılması üçün təlimlər və ictimai kampaniyalara da geniş yer verilir.
Uşaq hüquqlarının qorunması sahəsində müasir yanaşmanın əsas elementi onların iştirakı məsələləri daim duqqətdə saxlanılır.
Hazırda uşaqların yalnız müdafiə olunan tərəf kimi deyil, həm də qərarvermə proseslərinin iştirakçısı kimi qəbul olunması beynəlxalq standartların əsas tələblərindəndir. Azərbaycan da bu istiqamətdə mühüm addımlar atmaqdadır.
Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi və Uşaqların Platforması uşaqların iştirakçılıq hüququnun təmin olunması baxımından uğurlu mexanizmlərə çevrilmişdir.
Uşaq Səfirlər Məclisinin fəaliyyəti vasitəsilə bütün ölkə üzrə on minlərlə uşaq və yeniyetmə hüquqi maarifləndirmə, ekoloji təşəbbüslər, sosial layihələr, liderlik və vətəndaş fəallığı proqramlarına cəlb olunmuşdur.
Uşaqların Platforması vasitəsilə regionlarda yaşayan uşaqların fikir və təkliflərinin dövlət siyasətində nəzərə alınması istiqamətində mühüm addımlar atılmaqdadır.Bu platformalar uşaqlarda özünəinamın, sosial məsuliyyətin və vətəndaş iştirakçılığının formalaşmasına xidmət edir.
Azərbaycan uşaqların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərinə sadiq qalaraq BMT-nin Uşaq Hüquqları Konvensiyasından irəli gələn prinsiplərin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirməkdədir.
İki və çoxtərəfli əməkdaşlıq səviyyəsində rəqəmsal təhlükəsizlik, inklüziv təhsil, sosial müdafiə və psixososial dəstək məsələləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi diqqət mərkəzində saxlanılır.
Xüsusilə rəqəmsal mühitdə uşaqların müdafiəsi, kibertəhlükəsizlik və təhlükəsiz internet istifadəsi ilə bağlı beynəlxalq konfranslar və maarifləndirmə tədbirləri müasir çağırışlara adekvat yanaşmanın göstəricisidir
Unutmaq olmaz ki, uşaqların hüquqlarının qorunması yalnız hüquqi və sosial məsələ deyil, həm də milli təhlükəsizlik, insan kapitalının inkişafı və dayanıqlı gələcəyin təmin edilməsidir.
Bu istiqamətdə əldə edilən nəticələr dövlət qurumlarının, parlamentin, yerli icra və bələdiyyə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, media nümayəndələrinin, müəllimlərin, həkimlərin, sosial işçilərin, valideynlərin və uşaqların birgə əməkdaşlığının nəticəsidir.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü hamımıza bir daha xatırladır ki, hər bir uşağın təhlükəsiz, sağlam və xoşbəxt gələcəyi naminə görülən işlər davamlı olmalı, uşaqların hüquqları cəmiyyət həyatının bütün sahələrində əsas prioritet kimi qorunmalıdır.
Çünki uşaqlara göstərilən qayğı Azərbaycanın gələcəyinə göstərilən qayğıdır.
Bahar Muradova
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri