- 12:33
2024-2025-ci tədris ili ərzində uşaqların təhsil hüququnun təmin olunması sahəsində mühüm nailiyyətlər əldə olunub.
E-huquq.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Mənim səsim-mənim hüquqlarım" mövzusunda konfransda məlumat verib.
Onun sözlərinə görə, ölkə üzrə 16 yeni təhsil müəssisəsi inşa edilib, 8 təhsil müəssisəsində əsaslı təmir və əlavə korpusların tikintisi həyata keçirilib.
Komitə sədri qeyd edib ki, hazırda ümumi təhsil müəssisələrində 1 milyon 682 min 134 şagird təhsil alır, 138 min 332 müəllim fəaliyyət göstərir.
O vurğulayıb ki, ümumi orta təhsil səviyyəsini 156 min 618 şagird başa vurub, onların 135 min 695 nəfəri (86,6 faiz) tam orta təhsilə cəlb olunub, peşə təhsilinə qəbul olunanların sayı isə 4 min 461 nəfərdir.
B.Muradova əlavə edib ki, təhsildən yayınan 340 uşaq yenidən təhsil sisteminə qaytarılıb, məktəbəqədər təhsilə cəlbetmə göstəricisi isə 37,1 faizə yüksəlib.
Komitə sədri bütün bu göstəricilərin uşaqların inkişafı və sosial rifahı baxımından mühüm nəticələr olduğunu qeyd edib.
Humay Eminqızı