- 13:04
Uşaq hüquqlarının müdafiəsi istiqamətində geniş tədbirlər həyata keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Mənim səsim-mənim hüquqlarım" mövzusunda konfransda məlumat verib.
B.Muradova bildirib ki, Dövlət Komitəsi tərəfindən son bir il ərzində uşaq hüquqlarının müdafiəsi sahəsində 704 təlim, seminar, konfrans və görüş keçirilib, 10 sosial layihə icra olunub və bu tədbirlərdə 33 min 881 nəfər iştirak edib.
O əlavə edib ki, "Mənim hüquqlarım" təşviqat avtobusu layihəsi çərçivəsində Astara, Beyləqan, Bərdə, Şəmkir və Zaqatala rayonlarının 25 kəndində maarifləndirmə görüşləri təşkil olunub və 668 uşaq bu layihədən faydalanıb.
Komitə sədri vurğulayıb ki, bu fəaliyyətlərdə media nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, millət vəkillərinin, təhsil və sosial xidmət mütəxəssislərinin iştirakı xüsusi əhəmiyyət daşıyır, çünki uşaq hüquqlarının qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.
Humay Eminqızı