Komitə sədri: "Uşaqların qərarvermə və ictimai iştirakçılığı gücləndirilir"


  • 12:05

"Uşaqların qərarvermə və ictimai iştirakçılığı gücləndirilir".

E-huquq.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Mənim səsim-mənim hüquqlarım" mövzusunda konfransda bildirib.

O qeyd edib ki, Dövlət Komitəsinin həyata keçirdiyi ən uğurlu təşəbbüslərdən biri uşaqların qərarvermə və ictimai iştirakçılıq proseslərinə cəlb edilməsidir. Onun sözlərinə görə, Uşaq Səfirlər Məclisi və Uşaqların İnkişafı Platforması artıq ölkəmizdə uşaqların səsinin eşidildiyi mühüm iştirak platformalarına çevrilib: "Uşaq Səfirlər Məclisi il ərzində 607 tədbir həyata keçirib və 23 min 427 uşaq və yeniyetmə bu təşəbbüslərdən yararlanıb. Məclis çərçivəsində uşaqlar liderlik, hüquq maarifçiliyi, ekoloji məsuliyyət, kibertəhlükəsizlik, sağlam həyat tərzi və sosial fəallıq istiqamətlərində müxtəlif layihələrdə iştirak ediblər".

B.Muradova vurğulayıb ki, Uşaqların İnkişafı Platforması vasitəsilə uşaqların fikir və təklifləri dövlət siyasətində nəzərə alınır, regionlarda yaşayan uşaqların iştirakı daha da genişləndirilir: "Bu platformalar uşaqlara yalnız öz fikirlərini ifadə etmək imkanı vermir, həm də onların vətəndaş məsuliyyətinin formalaşmasına və sosial fəallığının artmasına şərait yaradır".

Humay Eminqızı

Oxşar xəbərlər