- 16:02
Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil.
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə jurnalistlərlə açıqlamasında deyib.
O, demoqrafik vəziyyətin gələcək insan kapitalının formalaşması baxımından əhəmiyyət daşıdığını vurğulayıb.
"Məqsədimiz balansı qorumaqdır. Statistik göstəricilərdə müəyyən azalmalar müşahidə olunsa da, iqtisadi baxımdan daha inkişaf etmiş ölkələrlə müqayisədə vəziyyət hələ kritik səviyyədə deyil", - deyə B.Muradova bildirib.
Komitə sədri cəmiyyətin məsələyə reaksiyasını da müsbət qiymətləndirib və əlavə edib: "Ailələr iqtisadi imkanlara görə qərar verməməlidir. Biz milli və mənəvi dəyərlərimizə, ailə institutuna qaytarılmalı və demoqrafik balansın qorunmasına diqqət yetirməliyik".
B.Muradova qeyd edib ki, Komitə bu sahədə təhlillər aparır, problemlərin əsas səbəblərini müəyyən edir və gələcək perspektivləri nəzərə alır: "Hesab edirəm ki, biz kritik həddə düşməyəcəyik. Dövlətin konkret planları var və məsələlərin kök səbəblərini bilirik".
Humay Eminqızı