"Süni intellekt vəkilin köməkçisi ola bilər" - VİDEO


  • 10:43

“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı ictimaiyyətə təqdim olunub.

E-huquq.az xəbər verir ki, budəfəki buraxılışın qonağı Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada vəkillik fəaliyyəti göstərən Esmira Tağıyeva olub.

Esmira Tağıyeva müsahibə zamanı uzun vəkillik fəaliyyəti dövründə qarşılaşdığı maraqlı və yaddaqalan hadisələrdən, peşənin tələb etdiyi yüksək məsuliyyət hissindən, eləcə də vəkil fəaliyyətində üzləşilən hüquqi və mənəvi çətinliklərdən ətraflı bəhs edib. O bildirib ki, vəkillik yalnız qanunları bilmək və hüquqi müdafiəni həyata keçirməkdən ibarət deyil, eyni zamanda etik prinsiplərə sadiqlik, obyektivlik, vicdanlı yanaşma və insan talelərinə həssas münasibət tələb edən mühüm ictimai missiyadır.

Müsahibə çərçivəsində qonaq hüquq sahəsinin müxtəlif istiqamətlərinə dair fikirlərini bölüşərək bir sıra aktual və prinsipial mövzulara münasibət bildirib. Belə ki, veriliş zamanı “ədalət tələb etmək üçün insanın özünün də ədalətli olmasının zəruriliyi”, “vəkilin vicdanlı və şərəfli olması anlayışının mahiyyəti”, “süni intellektin hüquq sahəsində tətbiqi və vəkillərin bu texnologiyalardan istifadə imkanları”, “hüquqi yardım göstərilərkən qərarlara təsir edən mənəvi amillər”, “qadınların vəkillik peşəsində rolu və bu sahədə qarşılaşdıqları üstünlüklər və çətinliklər”, “bir ailədə həm hakim, həm də vəkil fəaliyyətinin mümkün üstün tərəfləri”, eləcə də “Azərbaycanda vəkillik institutunun inkişaf perspektivləri” ilə bağlı suallar cavablandırılıb.

Esmira Tağıyeva xüsusilə vurğulayıb ki, vəkilin peşə fəaliyyətində vicdan, dürüstlük və peşə etikası əsas meyarlardan biri hesab olunmalıdır. Onun sözlərinə görə, hüquqi yardım göstərilərkən yalnız qanun normaları deyil, həm də işin mənəvi tərəfləri, insan taleləri və sosial amillər nəzərə alınmalıdır.

Qadınların vəkillik fəaliyyətində roluna toxunan qonaq qeyd edib ki, bu peşədə qadın olmağın həm üstün, həm də məsuliyyətli tərəfləri mövcuddur. O söyləyib ki, qadın vəkillər bir çox hallarda həssas yanaşma, empatiya və kommunikasiya bacarıqları ilə fərqlənirlər.

Müsahibə zamanı süni intellektin hüquq sahəsində tətbiqi məsələsi də diqqət mərkəzində olub. Esmira Tağıyeva qeyd edib ki, yeni texnologiyalar hüquqşünasların işini asanlaşdıra və informasiya əldə etmə imkanlarını genişləndirə bilər, lakin insan amili, hüquqi təhlil və peşəkar mühakimə hər zaman əsas olaraq qalacaq.

Qeyd edək ki, “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsi hüquqşünasların şəxsi təcrübələrini, peşəyə baxışlarını və hüquqi mövqelərini ictimaiyyətə çatdırmaqla yanaşı, hüquqi maarifləndirmə missiyasını da həyata keçirir. Layihənin məqsədi cəmiyyətdə hüquq mədəniyyətini təşviq etmək, gənc hüquqşünaslarda motivasiyanı artırmaq və hüquqa olan marağı gücləndirməkdir.

Oxşar xəbərlər