- 13:14
"Şəhərdaxili, həm də bölgələrarası marşrutlarda uzunmüddətli sürücülük həyata keçirən peşəsi sürücü olan şəxslər avtomobil yollarının ən aktiv iştirakçılarıdır. Sürücülər üçün yolda keçirilən vaxt ortalama bir adi sürücüyə nisbətən 5-8 dəfə çoxdur".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, xüsusilə taksi fəaliyyəti Azərbaycanda aşağı və orta gəlirli ailələr üçün əsas dolanışıq mənbələrindən biridir və fəal taksi sürücülərinin əksəriyyəti ailəsinin yeganə gəlir sahibidir.
Deputat qeyd edib ki, sürücülük hüququnun itirilməsi təkcə fərdi deyil, bütöv ailəni əhatə edən ciddi sosial-iqtisadi problemlərə səbəb olur.
O, sürücülərin üzləşdiyi əsas çətinliklər sırasında uzun saatlar ərzində sükan arxasında olmaları səbəbindən kiçik texniki pozuntulara görə cərimə ballarının sürətlə toplanmasını, hüquqdan məhrumetmə dövründə gəlir əldə edə bilməmələrini, iş yerlərini itirmələrini və bunun nəticəsində yaranan maliyyə çətinliklərini göstərib.
N.Həmzəyev hesab edir ki, hazırda qüvvədə olan 20 ballıq hədd əsas peşəsi sürücülük olan şəxslər üçün qeyri-ədalətli nəticələr yaradır.
Onun fikrincə, adi sürücülər alternativ nəqliyyat vasitələrindən istifadə edə bildiyi halda, peşəkar sürücülər sürücülük hüququnu itirdikdə həm gəlir mənbəyindən, həm də peşəsindən məhrum olurlar.
Deputat problemin həlli üçün hüquqdan məhrumetmə həddinin 20 baldan 40–50 bala qaldırılmasını və ya cərimə ballarının yalnız kobud qayda pozuntularına görə tətbiq edilməsini təklif edib.
N.Həmzəyev, həmçinin ilk dəfə törədilən yüngül qayda pozuntuları zamanı yalnız cərimə tədbirinin tətbiqinin mümkün olduğunu bildirib.
Bununla yanaşı, deputat yol hərəkəti qaydalarının ədalətli tətbiqi üçün yol infrastrukturunun və nişanlama sisteminin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
O, xüsusilə paytaxtdan kənar şəhər və rayonlarda yolların xətlənməsi işlərinin keyfiyyətinin artırılmasını, köhnəlmiş və görünməz vəziyyətə düşmüş yol nişanlarının inventarlaşdırılaraq yenilənməsini, infrastrukturu tam başa çatmamış yollarda kamera vasitəsilə cərimələrin tətbiqinin müvəqqəti dayandırılmasını və sürücülərin nişanlama ilə bağlı problemləri asan şəkildə bildirə bilmələri üçün əlçatan şikayət mexanizminin yaradılmasını təklif edib.
Şəbnəm Mehdizadə