- 13:39
"Təcrübədə bir çox hallarda təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeləyinə toxunulan şəxslər olur. Təbii ki, prosessual qanunvericilik şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumağı hədəfləyir. Lakin, təcrübə göstərir ki, cinayət təqibinin gedişində məhz qeyd etdiyimiz kateqoriyadan olan şəxslərə münasibətdə bir qayda olaraq problemlər meydana çıxır və prosessual qaydaların təkmilləşdirilməsi zərurəti hiss edilir".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanun layihəsində təklif edilən əlavə və dəyişikliklər məhz təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə qərarla qanuni mənafeləyinə toxunulan şəxslərlə bağlı müşahidə olunan praktik çətinlikləri aradan qaldırmağa yönəlib: "Daha dəqiq desək, bu şəxslər cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilərək prosessual status qazanır və beləliklə də həmin şəxslərin qanuni mənafeləyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apelyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydaları tənzimlənir. Bundan başqa, hazırkı qanunvericiliyə əsasən, cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı mülki mühakimə icraatı çərçivəsində mübahisələndirilirdi ki, bu da tam yeni bir məhkəmə prosesinin başlanması demək idi. Lakin, cari layihədə nəzərdə tutulur ki, cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı artıq məhkəmə nəzarəti qaydasında mübahisələndirilsin. Təbii ki, məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi həm zaman baxımından mülki mühakimə icraatından daha çevik və operativdir, həm də sonradan ortaya məhkəmə qərarının preyudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisə çıxmır".
Deputat bildiirb ki, layihə kifayət qədər ciddi məqamları ehtiva edərək köklü və praktiv çətinliklər yaradan məsələlər üçün səmərəli həll yolu təklif olunur.
Şəbnəm Mehdizadə