- 12:59
Ölkəmizdə vətəndaş cəmiyyətinin, hüquq institutlarının və hüquqi yardım sisteminin inkişafında əldə olunan uğurlar dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsidir.
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda keçirilən "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" rolu mövzusunda regional konfransda deyib.
O bildirib ki, cənab Prezidentin dəstəyi olmadan bu nailiyyətləri əldə etmək mümkün olmazdı: "Buna görə də yaradılan şəraitə, göstərilən diqqətə və hüquq sisteminə verilən dəstəyə görə dərin minnətdarlığımızı bildiririk".
Kollegiya sədri qeyd edib ki, Azərbaycan vəkilliyinin müasir inkişafının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: "Məhz onun siyasi iradəsi nəticəsində 1999-cu ildə vəkillik institutunun müstəqil fəaliyyətini təmin edən mühüm qərarlar qəbul edildi, qanunvericilik bazası yaradıldı və Azərbaycan vəkilliyinin inkişafında yeni mərhələ başlandı. Böyük dövlət xadimi yaxşı anlayırdı ki, müstəqil vəkillik olmadan müstəqil məhkəmə sistemindən, hüququn aliliyindən və vətəndaş hüquqlarının etibarlı müdafiəsindən danışmaq mümkün deyil. Sonrakı illərdə bu siyasət uğurla davam etdirildi. Son illər ərzində cənab Prezident tərəfindən vəkilliyin inkişafı, gücləndirilməsi və nüfuzunun artırılması istiqamətində mühüm fərmanlar və sərəncamlar imzalanmış, məhkəmə-hüquq islahatları həyata keçirilmişdir. Vəkillərin peşə bayramının təsis edilməsi də bu diqqətin bariz nümunəsidir".
Şəbnəm Mehdizadə