- 16:46
"Azərbaycanda uşaq hüquqları insan hüquqlarının ayrılmaz tərkib hissəsidir".
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
Komitə sədri qeyd edib ki, Azərbaycanda uşaq hüquqlarının təmin olunması istiqamətində geniş qanunvericilik bazası formalaşdırılıb və bu sahədə həm milli, həm də beynəlxalq öhdəliklərin icrası üçün zəruri hüquqi çərçivələr mövcuddur.
"Bu sahədə fəaliyyət göstərən müvafiq dövlət qurumları və institusional mexanizmlər mövcuddur. Azərbaycan uşaq hüquqlarının qorunması və təmin olunması istiqamətində getdikcə daha böyük nailiyyətlər əldə edir", - deyə B.Muradova vurğulayıb.
O bildirib ki, tarixi Zəfərdən sonra Azərbaycan qarşısında duran strateji hədəfləri aydın şəkildə müəyyənləşdirib: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də məhz bu hədəflərin reallaşdırılmasına xidmət edir. Bu hədəflərin mühüm tərkib hissələrindən biri uşaqların hüquqlarının qorunması, rifahının yüksəldilməsi, təhlükəsizliyinin təmin olunması və onların hərtərəfli diqqət və qayğı ilə əhatə edilməsidir".
Komitə sədri vurğulayıb ki, uşaq hüquqlarının müdafiəsi yalnız dövlət qurumlarının üzərinə düşən vəzifə kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu prosesə dövlət orqanları ilə yanaşı, elm və təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları, ictimai sektor və digər aidiyyəti qurumlar da fəal şəkildə cəlb olunmalıdır.
B.Muradova əlavə edib ki, hüquqların yalnız bəyan edilməsi və qanunvericiliklə təsbit olunması kifayət deyil. Əsas məqsəd həmin hüquqlardan istifadə edən şəxslərin onları dərindən bilməsi, hüquqlarının müdafiəsində fəal iştirak etməsi və cəmiyyətdə hüquq şüurunun formalaşdırılmasıdır.
Humay Eminqızı