Azərbaycanda xüsusi icra məmurları institutu mərhələli şəkildə tətbiq olunacaq


  • 11:35

Azərbaycan Respublikasında xüsusi icra məmurları institutunun tətbiqi istiqamətində zəruri hazırlıq işləri davam etdirilir.

E-huquq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini, Xüsusi İcra Məmurları Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2025-ci ilin iyul ayında "Xüsusi icra məmurları haqqında" Qanun qəbul edilib və sənəd 2026-cı il yanvarın 1-dən qüvvəyə minib. Qanunun tətbiqi ilə əlaqədar Ədliyyə Nazirliyi, eləcə də Xüsusi İcra Məmurları Müsabiqə Komissiyası tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Y.Qurbanov qeyd edib ki, sözügedən qanunun qəbulu ölkədə məhkəmə-hüquq sistemində aparılan islahatların mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, xüsusi icra modeli bir sıra xarici ölkələrin təcrübəsində özünü doğrultmuş, məhkəmə qərarlarının icrasında səmərəliliyin və operativliyin artırılmasına xidmət edən mexanizm kimi tanınıb.

Rəis müavini vurğulayıb ki, qanunun tətbiqindən əsas gözlənti vətəndaşlar, sahibkarlar və icra prosesinin digər iştirakçıları üçün daha sürətli, əlçatan və effektiv icra mühitinin formalaşdırılmasıdır: "Qanunun tələblərinə əsasən, xüsusi icra məmurları institutu Azərbaycanda mərhələli şəkildə tətbiq ediləcək. Mexanizmin fəaliyyəti davamlı nəzarətdə saxlanılacaq və əldə olunan praktik nəticələr nəzərə alınmaqla tətbiq dairəsi genişləndiriləcək".

Y.Qurbanov bildirib ki, xüsusi icra məmurları da dövlət icra məmurları kimi məhkəmələrin və digər səlahiyyətli orqanların qərarlarını icra etmək hüququna malikdirlər: "Onlar məcburi icra orqanı statusu daşıyır, xüsusi geyim forması və fərqləndirici nişanlarla təmin olunurlar. Bununla yanaşı, fəaliyyətə başlamazdan əvvəl xüsusi icra məmurları müəyyən prosedurlardan keçməli və Ədliyyə Nazirliyi tərəfindən verilən müvafiq şəhadətnaməni əldə etməlidirlər".

Humay Eminqızı

Oxşar xəbərlər