- 13:01
Xüsusi icra məmurlarının səlahiyyətləri dövlət icra məmurlarının səlahiyyətlərindən müəyyən mənada fərqlənəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini, Xüsusi İcra Məmurları Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, dövlət icra məmurlarından fərqli olaraq, xüsusi icra məmurları bütün icra sənədlərini deyil, icraatda olan və icraatların yükləyən əsas növ icra sənədlərini icra edəcəklər.
Y.Qurbanovun sözlərinə görə, müxtəlif növ kredit borcları, fiziki və hüquqi şəxslər arasında yaranan borc öhdəlikləri, əmlak tələbləri və digər mülki xarakterli tələblərlə bağlı icra sənədləri xüsusi icra məmurları tərəfindən icra oluna biləcək.
Rəis müavini vurğulayıb ki, xüsusi icra məmurlarının fəaliyyətləri zamanı irəli sürdükləri qanuni tələblər dövlət icra məmurlarının tələbləri kimi bütün fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət və qeyri-dövlət qurumları üçün məcburi xarakter daşıyacaq.
O əlavə edib ki, xüsusi icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsi və ya pozulması qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirlərinin tətbiqinə səbəb olacaq.
Humay Eminqızı