- 13:01
Xüsusi icra məmurlarının fəaliyyətinə dair normativ baza formalaşdırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini, Xüsusi İcra Məmurları Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, “Xüsusi icra məmurları haqqında” Qanunun qəbulundan sonra onun tətbiqi istiqamətində görülən işləri iki əsas istiqamət üzrə qruplaşdırmaq mümkündür: "Birinci istiqamət xüsusi icra məmurlarının fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması olub. Bu məqsədlə həm Azərbaycan Respublikasının Nazirlər Kabineti, həm də Ədliyyə Nazirliyi tərəfindən 20-yə yaxın normativ-hüquqi akt qəbul edilib. Hazırda xüsusi icra məmurlarının fəaliyyətə başlaması, eləcə də onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi üçün tələb olunan normativ-hüquqi baza tam formalaşdırılıb".
Rəis müavininin sözlərinə görə, ikinci istiqamət xüsusi icra məmurlarının əməli fəaliyyətə başlaması üçün zəruri təşkilati və institusional tədbirlərin həyata keçirilməsidir.
O qeyd edib ki, bu sahədə atılan ən mühüm addımlardan biri xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin elan olunması, təşkili və keçirilməsi, eləcə də müsabiqədən uğurla keçən namizədlərin icbari təlim və staj proqramlarına cəlb edilməsidir.
"Əsas məqsəd məhkəmə qərarlarının icrasını həyata keçirə biləcək peşəkar və yüksək hazırlıqlı kadrların formalaşdırılmasıdır", - deyə Y.Qurbanov əlavə edib.
Rəis müavini bildirib ki, Müsabiqə Komissiyası tərəfindən sənəd qəbulu aprelin 1-də elan olunub və mayın 1-də başa çatıb. Nəticədə 100 namizəd qeydiyyatdan keçərək imtahanda iştirak hüququ qazanıb.
"Hazırda isə 94 namizəd imtahanda iştirak edir", - deyə o qeyd edib.
Humay Eminqızı