- 13:06
Xüsusi icra məmurları üçün imtahan və seçim qaydaları açıqlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini, Xüsusi İcra Məmurları Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, hazırda xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün ilk mərhələdə test imtahanı keçirilir. Üç saat davam edən imtahanda iştirakçılara ümumilikdə 100 sual təqdim olunur.
Y.Qurbanov bildirib ki, sualların 60-ı namizədlərin icra sahəsi üzrə qanunvericilik biliklərinin qiymətləndirilməsinə, 40-ı isə məntiqi düşüncə, mühakimə yürütmə, ünsiyyət bacarıqları və ümumi dünyagörüşünün yoxlanılmasına yönəlib: "Qiymətləndirmə qaydalarına əsasən, qanunvericilik üzrə hər düzgün cavab 1 balla, digər kateqoriyalar üzrə hər düzgün cavab isə 0,5 balla qiymətləndirilir. Beləliklə, namizədlər test mərhələsində maksimum 80 bal toplaya bilərlər. 55 və daha yüksək bal toplayan şəxslər növbəti mərhələ olan müsahibəyə buraxılırlar. Müsahibə zamanı namizədlərə müvafiq istiqamətlər üzrə beş şifahi sual təqdim edilir. Hər sual 5 balla qiymətləndirilir və ümumilikdə maksimum 25 bal toplamaq mümkündür. Müsahibədən uğurla keçmək üçün namizəd ən azı 15 bal toplamalıdır".
Rəis müavini qeyd edib ki, hər iki mərhələnin nəticələrinə əsasən namizədlərin reytinq siyahısı formalaşdırılır. Daha yüksək nəticə göstərən şəxslər mövcud vakansiyaların sayına uyğun olaraq icbari təlimlərə cəlb edilirlər: "Təlim proqramı üç ay davam edir. Təlimi başa vuran namizədlər fəaliyyət göstərən icra məmurlarının yanında staj keçirlər. Bu mərhələdən sonra onların peşə hazırlığı və məhkəmə qərarlarının icrası üzrə bacarıqları tam formalaşdırılır. Nəticədə Ədliyyə Nazirliyi tərəfindən müvafiq şəhadətnamə verilərək onların fəaliyyətə başlamasına icazə verilir".
Y.Qurbanov əlavə edib ki, müsabiqənin hər iki mərhələsindən uğurla keçən, lakin vakansiya sayının məhdudluğu səbəbindən təyinat ala bilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilirlər.
"Bu şəxslər iki il müddətində ehtiyat siyahısında saxlanılır. Növbəti vakansiyalar elan olunduqda isə onlar yenidən imtahan və müsahibə mərhələlərindən keçmədən birbaşa icbari təlim proqramına cəlb olunurlar", - deyə o əlavə edib.
Humay Eminqızı