- 13:06
"Hüquqşünas olmayan şəxslər də xüsusi icra məmuru ola biləcəklər".
E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini, Xüsusi İcra Məmurları Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq xüsusi icra məmuru vəzifəsi üzrə keçirilən müsabiqədə hüquq təhsili olmayan, lakin ali təhsilə malik şəxslərin də iştirakına imkan yaradılıb.
Y.Qurbanov bildirib ki, hazırda belə namizədlər arasında da kifayət qədər müraciətçi mövcuddur və onlar müsabiqənin imtahan mərhələsində iştirak edirlər.
Rəis müavini qeyd edib ki, hüquqşünas olmayan şəxslərin müsabiqədə iştirakına şərait yaradılsa da, xüsusi icra məmuru statusu əldə etdikdən sonra onlar qanunvericiliyin müəyyən etdiyi məhdudiyyətlərə riayət etməlidirlər.
"Qanunun tələblərinə əsasən, xüsusi icra məmurları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, vəzifələrinin icrası ilə bir araya sığmayan hər hansı digər peşə fəaliyyəti ilə məşğul ola bilməzlər", - deyə Y.Qurbanov vurğulayıb.
Humay Eminqızı