- 14:54
2025-ci il dövlət büdcəsinin icrasına dair hesabat və Hesablama Palatasının rəyi onu göstərir ki, ötən il dövlət maliyyəsinin idarə olunması baxımından uğurlu il olub.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, büdcə gəlirləri proqnozu üstələmiş, büdcə profisitlə icra edilib, strateji valyuta ehtiyatlarımız yüksək səviyyədə qorunub: "Mühüm məqamlardan biri qeyri-neft-qaz sektorundan büdcəyə daxilolmaların həcminin artmasıdır. Son illər vergi inzibatçılığının təkmilləşdirilməsi, iqtisadiyyatın leqallaşdırılması və rəqəmsal həllərin tətbiqi hesabına qeyri-neft gəlirlərinin artım tendensiyası davam etdib. Bu, büdcənin gəlir bazasının genişlənməsi baxımından vacib göstəricidir".
Deputat qeyd edib ki, dövlət borcunun aşağı olması, strateji valyuta ehtiyatlarımızın qorunması iqtisadi müstəqilliyimizi 2025-ci ildə də gücləndirib və milli maraqlara xidmət etməsinə imkan yaradıb: "Möhtərəm Prezident cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi Böyük qayıdış proqramının sürətlə icra olunması böyük qələbləmizin möhkəmlənməsinə xüsusi zəmin yaratmaqdır. Dövlət Büdcəsi 2025-ci ildə bu məqsədlərə nail olmaqda mühüm rol oynamış və lazımi zəmin yaradıb".
T.Mirkişi hesab edir ki, dövlət büdcəsi dövlətin ən vacib maliyyə sənədi olması ilə yanaşı, həm də iqtisadiyyatın bir güzgüsüdür: "Büdcənin icrasını qiymətləndirərkən yalnız fiskal göstəricilərlə kifayətlənməməli, həmin göstəricilərin arxasında duran iqtisadi prosesləri də təhlil etməli, nəticələrin keyfiyyətinə və uzunmüddətli dayanıqlılığına da diqqət yetirməliyik. Bu konteskdə bəzi fikirlərimi səsləndirmək istərdim. Dövlət Büdcəsinin icrası ilə bağlı hesabata Hesablama Palatasının təqdim etdiyi rəyin təhlili bir sıra maraqlı məqamları üzə çıxarır. Diqqəti cəlb edən məqamlardan biri iqtisadi artım templəri ilə bağlıdır. Təqdim edlmiş sənədlərdə keçən il ÜDM-in artım tempinin 1.4%, qeyri-neft-qaz ÜDM-in artım tempinin isə 2.7% təşkil etməsi göstərilmişdir. Anoloji göstəricilər 2024-cü ildə 4.1% və 6.2% təşkil edib.
Deputat deyib ki, iqtisadi siyasətdə yüksək artım tempi heç də hər zaman inkişaf göstəricisi sayılmır. Eyni zamanda, aşağı artım tempi də hər zaman zəif inkişaf demək deyildir. ÜDM-in aşağı artım tempi ilə də daha keyfiyyətli inkişafa nail olmaq mümkündür, burda əsas əsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir: "Məsələn, əgər iqtisadiyyat ildə 1% artır, amma məhsuldarlıq yüksəlir, texnologiya tətbiq olunur, ixrac şaxələnir, gəlirlər artırsa – bu sağlam inkişaf sayılır və kredit köpüyü və ya re-eksport hesabanı əldə edilən illik 6-7% iqtisadi artımdan daha yaxşı sayılır. Burda hesab edirəm ki, diqqət çəkən əsas məsələ ölkəmizdəki iqtisadi artım templərinin dalğalı olmasıdır. Xüsusilə də, qeyri-neft-qaz sektorunda formalaşan ÜDM-in artım tempinin dalğalı olması bu məsələnin daha dərindən təhlilinə və onların səbəblərinin neytrallaşmasına daha çox diqqət yetirilməsinə ehtiyac yaradır. Çünki dalğalanmalar investisiyalara, məşğulluğa, dövlət büdcəsinə xüsusi təsir edir".
T.Mirkişili bildirib ki, Palatanın təhlili göstərir ki, iqtisadi artımın əsas yükünü nəqliyyat və ticarət sektoru daşıyıb: "Bu göstəricilər onu göstərir ki, iqtisadiyyatımızda artımın daha geniş əsaslar üzərində formalaşmasına nail olmağa ehtiyac var. Biz daha çox xidmət sektorunun hesabına böyüyürük, lakin məhsuldarlıq və yeni dəyər yaradan sahələrdə inkişaf tempinin sabit artımına nail olmağa ehtiyac vardır. Biz xərc maddələrinin icrası barədə hesabat alırıq, xeyli məlumatlar da təqdim edilir. Bunu faydalı sayıram. Fİkrimcə, eyni zamanda xərclənən vəsaitlərin hansı nəticələri yaratdığı barədə daha geniş məlumatlara sahib olmaq da effektiv ola bilər. Ümumiyyətlə, Hesab edirəm ki, Büdcə idarəçiliyinin növbəti mərhələsi vəsaitlərin mənimsənilməsindən nəticələrin ölçülməsinə keçid olacaqdır. Mən son 2 gün ərzində YAP tədbirləri çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonunda sakinlər, sahibkarlar və xüsusi nümayəndlik təmsilçiləri ilə görüşlərdə iştirak etdim. Çox yaxşı nəticələr əldə olunub, iqtisadi sahələr canlanır. İşğaldan azad olmuş ərazilərdə yaradılan xüsusi nümayəndəlik institutu özünü doğruldur, sakinlər çox razılıq edirlər. Bu kontekstdə qeyd etmək istərdim ki, fikrimcə biz xüsusi nümayəndəlik institutunun sərbəst gəlir mənbələrinin formalaşması üçün qanunvericilik aktlarında müəyyən hüquqi əsasların formalaşmasına da çalışmalıyıq. Bu yerli institutların daha çevik və daha effektiv olmasına şərait yarada bilər, dövlət büdcəsinin xərclərini azalda bilər. Müasir təcrübədə də xeyli belə nümunələr var, Məsələn, bir çox ölkələrdə hotellərdə ödənilən "city tax", resursların istismarı və digər məsələr ilə bağlı ödənişlərin bir hissəsi yerli büdcələrə yönəldilir".
Deputat qeyd edib ki, 2025-ci ildə orta illik inflyasiya 5,6 faizə yüksəlib: "Təhlillər göstərir ki, inflyasiyanın formalaşmasında həm xarici amillər, o cümlədən idxal inflyasiyası, həm də daxili amillər, dövlət tərəfindən tənzimlənən tariflərin artırılması və s mühüm rol oynayıb. Bu şəraitdə, düşünürəm ki, fiskal və monetar siyasət arasında koordinasiyanın daha da gücləndirilməsi vacibdir. Çünki qiymət sabitliyi artıq təkcə Mərkəzi Bankın deyil, bütövlükdə iqtisadi siyasətin nəticəsidir. Maliyyə Nazirlyiinin təqdim etdiyi sənədlər və Hesablama Palatasının rəyi ilə tanış olarkən xüsusilə bir məqam diqqəti cəlb edir. Dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə proqnoz və fakt göstəriciləri arasında fərq cəmi 1,6 faiz təşkil etmişdir. Bu isə fikrimcə, büdcə planlaşmasının keyfiyyətinin yüksəldiyini göstərirən mühüm göstəricilərdən biri sayılmalıdır. Ümumilikdə hesab edirəm ki, 2025-ci ilin dövlət büdcəsinin icrası makroiqtisadi sabitliyin qorunması və dövlətin sosial, müdafiə və inkişaf prioritetlərinin maliyyələşdirilməsi baxımından müsbət qiymətləndirilməlidir".
Şəbnəm Mehdizadə