- 12:07
Ədalət mühakiməsində ekspert rəyi xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılmasında mühüm rol oynayır. Bəs ekspert rəyinin sübut əhəmiyyəti hansı meyarlarla müəyyən edilir, obyektiv ekspert rəyi nə deməkdir və beynəlxalq standartlar bu sahənin inkişafına necə təsir göstərir?
Bu və digər sualları e-huquq.az-a müsahibəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Səs, görüntü və rəqəmsal ekspertizalar şöbəsinin rəisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Natiq Pənahov cavablandırıb.
- Natiq müəllim, bildiyimiz kimi, məhkəmə ekspertizası ədalət mühakiməsi üçün vacib əhəmiyyətə malikdir. İlk olaraq, ekspert rəyinin məhkəmə proseslərində oynadığı rol və onun hüquqi əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Məhkəmə ekspertizası hüquq-mühafizə orqanlarının və məhkəmələrin xüsusi bilik tələb edən halları düzgün qiymətləndirməsinə imkan yaradır. Cinayət, mülki və inzibati işlər üzrə bir çox məsələlərin həlli mühəndislik, mühasibatlıq, biologiya, fizika, kimya, kompüter elmləri və digər sahələr üzrə ixtisaslaşmış biliklər tələb edir. Belə hallarda ekspertin vəzifəsi təqdim edilmiş obyektləri tədqiq etmək, xüsusi bilik tələb edən əlamətləri və halları müəyyən etmək və qoyulmuş suallar üzrə elmi əsaslandırılmış cavab verməkdir. Ekspert rəyi faktiki halların müəyyənləşdirilməsi və mübahisələrin obyektiv həlli üçün mühüm vasitədir. Bununla yanaşı, o, iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməli və ümumi sübutlar sistemi daxilində təhlil olunmalıdır.
- Ekspert rəyinin hüquqi əhəmiyyətindən danışdıq. Bəs Azərbaycan qanunvericiliyi ekspert rəyinin sübutlar sistemində yerini necə müəyyən edir?
- Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə əsasən, ekspert rəyi sübut növlərindən biridir və xüsusi biliklərə əsaslanır. Lakin bu xüsusiyyət ona digər sübutlarla müqayisədə əvvəlcədən müəyyən edilmiş üstünlük vermir. Məhkəmə ekspert rəyini iş üzrə digər materiallarla birlikdə araşdırmalı, onun elmi əsaslılığını və sübutlarla uyğunluğunu qiymətləndirməlidir. Eyni zamanda, ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımır. Məhkəmə onunla razılaşdıqda və ya razılaşmadıqda mövqeyini əsaslandırmalıdır. Qanunvericilik ekspert rəyinin aydın olmaması, natamam olması və ya ekspert rəyləri arasında ziddiyyətlərin mövcudluğu hallarında əlavə və ya təkrar ekspertiza təyin edilməsinə imkan verir. Bu yanaşma ekspert rəyinin yoxlanıla bilən və əsaslandırılmış olmasının əhəmiyyətini göstərir.
- Ümumiyyətlə, ekspert rəyinin sübut əhəmiyyətini müəyyən edən əsas meyarlar hansılardır?
- Ekspert rəyinin dəyəri onun hansı qurum tərəfindən hazırlanması ilə deyil, elmi əsaslılığı və tədqiqatın keyfiyyəti ilə müəyyən olunur. Bu baxımdan ekspertin peşə hazırlığı, araşdırma üçün təqdim edilmiş materialların yetərliliyi, tətbiq olunan metodların elmi cəhətdən əsaslandırılması, tədqiqatın tamlığı və nəticələrin məntiqi izahı əsas meyarlar hesab edilir. Rəydə ekspertin hansı materialları araşdırdığı, hansı əlamətləri müəyyən etdiyi və nəticəyə hansı əsaslarla gəldiyi aydın şəkildə göstərilməlidir. Ekspert rəyi yalnız yekun nəticəni deyil, həmin nəticəyə aparan tədqiqat prosesini də əks etdirməlidir.
- Bəs ekspert rəyinin obyektivliyi və yoxlanıla bilməsi nə deməkdir?
- Obyektivlik ekspertin hər hansı tərəfin maraqlarından kənar şəkildə, yalnız faktlar və xüsusi biliklər əsasında fəaliyyət göstərməsini nəzərdə tutur. Ekspert yalnız nəticəni dəstəkləyən halları deyil, tədqiqat üçün əhəmiyyət daşıyan bütün faktları nəzərə almalı və onları rəyində əks etdirməlidir. Eyni zamanda, ekspert əldə edilmiş nəticələrin etibarlılıq dərəcəsini düzgün göstərməlidir. Təqdim edilmiş obyektlər və məlumatlar qəti nəticəyə gəlmək üçün kifayət etmədikdə, ekspert bunu rəydə açıq şəkildə qeyd etməli və ehtimal xarakterli mülahizələri qəti nəticə kimi təqdim etməməlidir. Ekspert rəyinin yoxlanıla bilməsi də mühüm əhəmiyyət daşıyır. Rəydə istifadə olunmuş metodlar, aparılmış araşdırmalar və əldə edilmiş nəticələr elə təqdim edilməlidir ki, onların əsaslılığı qiymətləndirilə bilsin. Məhz bu xüsusiyyət ekspert rəyinə etimadın formalaşmasının əsas şərtlərindən biridir.
.jpg)
- Son dövrlərdə ölkəmizdə özəl məhkəmə ekspertizası institutunun inkişafı da diqqət mərkəzindədir. Bu baxımdan dövlət və özəl ekspertlər tərəfindən hazırlanmış rəylərin qiymətləndirilməsində hansı yanaşma tətbiq edilməlidir?
- Məhkəmə ekspertizası idarələrinin təcrübəsi, texniki imkanları və kadr potensialı ekspert tədqiqatlarının keyfiyyətinə müsbət təsir göstərə bilər. Lakin ekspert rəyinin sübut əhəmiyyəti onun hansı qurumda hazırlanması ilə müəyyən olunmur. Dövlət və özəl məhkəmə ekspertlərinin rəyləri eyni hüquqi və peşəkar meyarlar əsasında qiymətləndirilməlidir. Əsas diqqət tədqiqatın keyfiyyətinə, istifadə olunmuş metodologiyaya, nəticələrin əsaslandırılmasına və onların iş üzrə digər sübutlarla uyğunluğuna yönəldilməlidir. Rəylər arasında ziddiyyət yarandıqda məhkəmə yalnız rəylərin nəticələrini deyil, həmin nəticələrə hansı obyektlər, məlumatlar, suallar və metodlar əsasında gəlindiyini qiymətləndirməlidir.
- Ekspert rəylərinin qiymətləndirilməsi zamanı çəkişmə prinsipi ekspert rəyinin etibarlılığının və digər meyarların yoxlanılmasına necə təsir göstərir?
- Çəkişmə prinsipi ekspert rəyinin hərtərəfli qiymətləndirilməsinə xidmət edir. Tərəflər ekspertə veriləcək sualların müəyyənləşdirilməsində iştirak edə, rəyə münasibət bildirə, ona etiraz edə və alternativ ekspert rəyləri təqdim edə bilərlər. Bu mexanizm ekspert rəyinin peşəkarlıq, metodoloji əsaslılıq, obyektivlik və etibarlılıq baxımından yoxlanılmasına imkan yaradır. Nəticədə ekspert rəyi prosessual müzakirə predmetinə çevrilir və onun sübut əhəmiyyəti daha dolğun qiymətləndirilir.
- Son olaraq, ölkəmizdə də məhkəmə ekspertizasının inkişafında beynəlxalq təcrübə və standartların tətbiqi genişlənir. Bu standartlar ekspertiza fəaliyyətinin inkişafına hansı töhfələri verir?
- Beynəlxalq təcrübə göstərir ki, keyfiyyətli məhkəmə ekspertizası şəffaf, standartlaşdırılmış və yoxlanıla bilən prosedurlara əsaslanmalıdır. Bu baxımdan ISO/IEC 17025 standartı laboratoriyaların səriştəliliyinə dair ümumi tələbləri müəyyən etməklə etibarlı nəticələrin əldə olunmasına xidmət edir. ISO 21043 standartı isə ekspertiza prosesinin bütün mərhələlərini əhatə etməklə keyfiyyət təminatı mexanizmlərini formalaşdırır. Beynəlxalq standartların tətbiqi ekspert rəylərinin elmi əsaslılığını, etibarlılığını və müqayisə oluna bilməsini gücləndirir. Bu yanaşma “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”da müəyyən edilmiş prioritetlərlə də uzlaşır. Konsepsiyanın əsas məqsədləri məhkəmə ekspertizası fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun modernləşdirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və beynəlxalq standartların praktik fəaliyyətə inteqrasiyasından ibarətdir.
Humay Eminqızı