- 12:24
"Müasir dövrdə insan hüquqları gündəliyi ənənəvi hüquq və azadlıqların müdafiəsi ilə məhdudlaşmır, eyni zamanda rəqəmsal texnologiyaların sürətli inkişafı nəticəsində formalaşan yeni hüquqi, etik və institusional çağırışlara adekvat cavab mexanizmlərinin yaradılmasını da zəruri edir".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı bildirib.
S.Əliyeva qeyd edib ki, süni intellektin inkişaf tempi və təsir dairəsi əvvəlki texnoloji mərhələlərdən fərqli olaraq daha geniş, daha sürətli və kompleks xarakter alıb:
"Artıq süni intellekt yalnız texniki alət deyil, həmçinin dövlət idarəçiliyində, təhsil, səhiyyə, sosial müdafiə, əmək münasibətlərində, media və informasiya mühitində, habelə hüquq-mühafizə və məhkəmə fəaliyyətində əhəmiyyətli vasitəyə çevrilmişdir. Odur ki, süni intellekt sistemləri qanunçuluq, şəffaflıq, hesabatlılıq, bərabərlik və insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır. Bu baxımdan milli insan hüquqları təsisatlarının, xüsusilə ombudsman institutlarının üzərinə mühüm vəzifələr düşür. Bu təsisatlar pozulmuş hüquqların bərpası ilə yanaşı, monitorinq, hüquqi maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə rəqəmsal transformasiya dövründə insan hüquqlarının müdafiəsinə əhəmiyyətli töhfə verirlər".