Səbinə Əliyeva: "Süni intellekt sahəsində risklərin idarə olunması üçün ortaq yanaşmalar vacibdir"


  • 11:06

"Azərbaycan Ombudsmanı öz mandatı çərçivəsində süni intellektin insan hüquqlarına təsiri vəziyyətini araşdırır, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər verir, dövlət proqramlarının icrası prosesinin təhlilini, habelə müvafiq sahədə təşviqat fəaliyyətini həyata keçirir".

E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı söyləyib.

O qeyd edib ki, maarifləndirici nəşrlərin hazırlanması rəqəmsal hüquq mədəniyyətinin inkişafı baxımından vacibdir:

"Tərəfimizdən “Süni intellekt və insan hüquqları: nələri bilməliyik?” adlı yeni çap vəsaiti hazırlanıb. Bu nəşrdə süni intellekt texnologiyalarının insan hüquqlarına təsiri, mövcud risklər və müdafiə mexanizmləri sistemli şəkildə əks etdirilib. Bununla yanaşı, Ombudsmanın dəstəyi ilə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş “Rəqəmsal zamanda süni intellekt və mediasiya” adlı elmi-praktiki vəsait də nəşr edilib. Hesab edirəm ki, bu cür maarifləndirici nəşrlərin hazırlanması rəqəmsal hüquq mədəniyyətinin inkişafı, ictimai məlumatlılığın artırılması və insan mərkəzli texnoloji yanaşmanın təşviqi baxımından olduqca əhəmiyyətlidir".

S.Əliyeva bildirib ki, bu gün qarşımızda duran əsas məsələ süni intellekt sahəsində müasir çağırışların təhlili və yarana biləcək risklərin effektiv idarə olunması istiqamətində ortaq yanaşmaların və səmərəli əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır

"Qeyd olunan hədəflərə nail olmağımız beynəlxalq həmrəylik, çoxtərəfli əlaqələr və ümumi hüquqi çərçivələrin inkişaf etdirilməsi əsasında mümkündür. Bu baxımdan Sammitdə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, akademik dairələrin, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatların nümayəndələrinin bir araya gəlməsi süni intellekt və insan hüquqları sahəsində qarşıda duran vəzifələrin müzakirəsi, ümumi yanaşmaların və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli imkanlar yaradır".

Oxşar xəbərlər