Musa Qasımlı: "Süni intellektin tətbiqi yeni hüquqi və etik məsələlər ortaya çıxarır"


  • 11:57

"Texnologiyaların sürətli inkişafı, rəqəmsallaşma və süni intellektin tətbiqi yeni hüquqi və etik məsələlər ortaya çıxarır".

E-huquq.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Musa Qasımlı "Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitindəki çıxışı zamanı səsləndirib.

O bildirib ki, müasir dünyada insan hüquqları yeni çağırışlarla üz-üzədir:

"İnsan hüquqları sahəsində beynəlxalq konvensiyaların müddəaları insanların fundamental hüquq və azadlıqlarının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası da insan hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atıb və bu sahədə nümunəvi təcrübə formalaşdırıb. Ölkəmizdə insan hüquqlarının qorunması üçün möhkəm qanunvericilik bazası yaradılıb, müvafiq dövlət proqramları və təşəbbüslər həyata keçirilib. İnsan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Texnologiyaların sürətli inkişafı, rəqəmsallaşma və süni intellektin tətbiqi yeni hüquqi və etik məsələlər ortaya çıxarır. Bu baxımdan şəxsi məlumatların qorunması, məxfilik hüququnun təmin edilməsi və insanların razılığı olmadan məlumatlarının toplanmasının qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir".

O qeyd edib ki, süni intellekt texnologiyalarından istifadə zamanı şəxsi həyatın toxunulmazlığı qorunmalı, vətəndaşların hüquqları pozulmamalıdır:

"Eyni zamanda, ictimai nüfuza zərər vura biləcək yalan və manipulyativ məlumatların yayılmasının qarşısının alınması da vacib məsələlərdəndir. Süni intellekt sistemlərinin qəbul etdiyi qərarların şəffaflığı və düzgünlüyü təmin edilməli, insan hüquqlarına zidd nəticələrin yaranmasına yol verilməməlidir. Bu texnologiyalar cəmiyyətə fayda verməli, insanların hüquq və azadlıqlarının müdafiəsinə xidmət etməlidir. İnsan hüquqlarının qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və yeni texnoloji çağırışlara uyğun hüquqi mexanizmlərin yaradılması mühüm əhəmiyyət daşıyır. Azərbaycan da bu istiqamətdə fəaliyyətini davam etdirərək insan hüquqlarının etibarlı müdafiəsini təmin etməyə çalışır".

Oxşar xəbərlər