- 17:12
"Mənfi məzmunlu kontentlər uşaqların davranışlarını dəyişir".
E-huquq.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, mənfi məzmunlu kontentlər uşaqların davranışlarına ciddi təsir göstərir və müxtəlif problemlərə səbəb olur.
Onun sözlərinə görə, bu təsirlər yemək pozuntularından tutmuş sosial davranışlara, valideynlə münasibətlərə, eləcə də hüquq və məsuliyyət anlayışının formalaşmasına qədər bir çox sahədə özünü göstərir.
İndira Hacıyeva qeyd edib ki, hazırkı dövrdə bu dəyişikliklər daha aydın görünür və cəmiyyət gələcək tendensiyaları əvvəlkindən daha dəqiq müşahidə edə bilir.
O, həmçinin vurğulayıb ki, texnoloji və elmi inqilablar zamanı dövlətlər və beynəlxalq təşkilatlar vaxtında qərarlar qəbul etməlidir, əks halda ciddi nəticələrlə üzləşmək mümkündür.
Nazir müavini əlavə edib ki, süni intellekt və informasiya texnologiyaları yeni imkanlar yaratsa da, bu sahələr mütləq şəkildə tənzimlənməlidir və qərarlar ixtisaslı mütəxəssislər tərəfindən verilməlidir.
Onun sözlərinə görə, burada məqsəd məlumatların qadağan edilməsi deyil, uşaqların zərərli məzmundan qorunmasıdır.
Humay Eminqızı