- 18:11
"Məlumatların qorunması hüququ insan ləyaqətinin və fərdi muxtariyyətin ayrılmaz tərkib hissəsidir. Şəxsi məlumatların qanunsuz şəkildə emal edilməsi insanların təkcə məxfiliyinə deyil, həm də onların azadlıqlarına və təhlükəsizlik hissinə mənfi təsir göstərə bilər".
E-huquq.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Ombudsmanı İlkan Varol Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə” adlı plenar sessiyada deyib.
"Bu səbəbdən məlumatların qorunması rəqəmsal dövrün fundamental insan hüquqlarından biri kimi qiymətləndirilməlidir. Bu sahədə güclü hüquqi çərçivələrin formalaşdırılması, müstəqil nəzarət mexanizmlərinin yaradılması və həm dövlət qurumlarının, həm də özəl sektorun hesabatlılığının artırılması xüsusi əhəmiyyət daşıyır”, - deyə İlkan Varol əlavə edib.