- 18:11
"Bu gün təhlükə artıq küçədə yox, rəqəmsal mühitdədir".
E-huquq.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, gün ərzində Daxili İşlər Nazirliyinə daxil olan müraciətlərin böyük əksəriyyəti sosial media və rəqəmsal mühitlə əlaqədardır:
"Narkotik vasitələrin satışı da daxil olmaqla, ən ağır cinayət növlərinin əhəmiyyətli hissəsi məhz rəqəmsal mühitdə təşkil və idarə olunur. Sosial şəbəkələrdə saxta hesablar yaradılır, yalançı şəxsiyyətlər formalaşdırılır və bu saxta kimliklər vasitəsilə uşaqlar müxtəlif cinayətlərə təhrik edilir. Xüsusilə "Tik-Tok" platforması uşaqlara yalançı şəxsiyyət təqdim edərək onları zərərli informasiyalarla üz-üzə qoyur. Statistikaya görə, ölkənin məktəb və universitetlərində 8 mindən çox Daxili İşlər Nazirliyi əməkdaşının iştirakı ilə görüşlər keçirilib. Bu görüşlər zamanı şagird və tələbələrlə maarifləndirici söhbətlər aparılıb, rəqəmsal təhlükələr və onlardan qorunma yolları barədə məlumat verilib. Qanunvericiliyə təklif olunan dəyişikliklər isə hər hansı cəza və ya qadağaların tətbiqinə deyil, rəqəmsal mühitin daha təhlükəsiz və məsuliyyətli şəkildə idarə olunmasını təmin edəcək ümumi tənzimləmə mexanizminin yaradılmasına xidmət edir".
Humay Eminqızı