- 23:15
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb. Məlumatda bildirilib ki, liderlər Türkiyə–İran ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal hadisələri müzakirə ediblər.
Prezident Ərdoğan söhbət zamanı İran ilə ABŞ arasında əldə olunan razılaşmanın məmnunluq doğurduğunu bildirib, Türkiyənin prosesin sülhlə nəticələnməsi üçün əlindən gələn dəstəyi göstərəcəyini vurğulayıb. O, danışıqları pozmağa çalışanlara qarşı ehtiyatlı davranmağın vacibliyini qeyd edib.
Türkiyə Prezidenti yeni dövrdə regional sülhü gücləndirəcək addımların atılmasının mühüm və zəruri olduğunu, Türkiyənin bunun təmin olunması üçün çalışacağını bildirib. Prezident Ərdoğan, həmçinin Türkiyə ilə İran arasında ticarət, maliyyə və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində addımlar atmağı davam etdirəcəyini bildirib.