- 09:49
Bu gün ölkəmizdə dövlət qulluqçularının peşə bayramı qeyd olunur.
E-huquq.az xəbər verir ki, bu günün təsis olunması Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsaslanır.
Dövlət idarəçiliyinin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğundakı mühüm rolu, eləcə də BMT Baş Assambleyasının 23 iyun tarixini Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü kimi elan etməsi nəzərə alınaraq, həmin tarix Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi rəsmiləşdirilib.
Müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun rəhbərliyi dövründə həyata keçirilən islahatlar nəticəsində 2000-ci il 21 iyul tarixində “Dövlət qulluğu haqqında” Qanun qəbul olunmuş, bununla da bu sahənin vahid hüquqi əsasları müəyyənləşdirilmişdir. Həmin qanun dövlət qulluqçularının hüquqi statusunu rəsmiləşdirərək onların vəzifə və səlahiyyətlərini, həmçinin fəaliyyət prinsiplərini sistemli şəkildə təsbit etmişdir.
Müstəqillikdən sonra dövlət idarəçiliyinin səmərəliliyinin artırılması məqsədilə aparılan institusional islahatlar bu sahənin inkişafında mühüm rol oynamışdır. Heydər Əliyevin müəyyən etdiyi idarəçilik xətti üzərində formalaşan bu proseslər bu gün də dövlət aparatının çevikliyinin artırılmasına və vətəndaş-dövlət münasibətlərinin daha sağlam əsaslar üzərində qurulmasına xidmət edir.
Bu istiqamətdə Prezident İlham Əliyevin 14 iyul 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yenilənmiş tərkibi təsdiq edilmişdir. Bu qərar dövlət qulluğu sahəsində idarəetmənin təkmilləşdirilməsi, kadr siyasətinin daha sistemli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi baxımından mühüm addım olmuşdur.
Eyni zamanda, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya” və onun icra planı dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində əsas yol xəritəsi rolunu oynayır. Strategiya çərçivəsində dövlət orqanlarının strukturunun optimallaşdırılması, insan resurslarının inkişafı, təlim mexanizmlərinin təkmilləşdirilməsi, məlumat bazalarının yaradılması və dövlət qulluqçularının peşəkar inkişafının təmin olunması kimi mühüm istiqamətlər üzrə ardıcıl işlər həyata keçirilmişdir.
Dövlət qulluqçularının əməyinin qiymətləndirilməsi və onların fəaliyyətinə verilən dəyərin artırılması məqsədilə müxtəlif mükafatlandırma mexanizmləri də tətbiq olunur.
Ümumilikdə, dövlət qulluğu sahəsində aparılan islahatlar bu sahənin hüquqi və institusional əsaslarını daha da möhkəmləndirməklə yanaşı, dövlət qulluqçularının məsuliyyətini artırmış, onların fəaliyyətinin səmərəliliyinə və peşəkarlığının yüksəldilməsinə xidmət etmişdir.