Sabah Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq


  • 17:41

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar iyunun 26-da Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçular iyunun 26-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – Dəniz Vağzalı;

II yürüş marşrutu: Şəhidlər Xiyabanı – "Alov Qüllələri" Kompleksi – Çəmbərəkənd parkı - "İçərişəhər" metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

III yürüş marşrutu: Q.Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

IV yürüş marşrutu: "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

V yürüş marşrutu: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;

"Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda vurğulanıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.

Oxşar xəbərlər