"Lux Residence"dən ŞİKAYƏT: "Mənzili təhvil vermirlər, əlavə pul istəyirlər"


  • 10:00

"Lux Residence" MMC yaşayış kompleksindən mənzil alan vətəndaş şirkətin ondan müqavilədən kənar ödəniş tələb etdiyini iddia edir.

E-huquq.az-a müraciət edən şikayətçi bildirib ki, 2023-cü ildə Yasamal rayonunda yerləşən "Lux Residence" MMC yaşayış kompleksindən iki mənzil alıb. O, şirkətlə bağladığı müqavilələr üzrə ilkin ödənişləri həyata keçirib. Daha sonra isə hər iki mənzil üzrə 3 il müddətinə nəzərdə tutulan daxili kredit öhdəliyini tam şəkildə yerinə yetirib. Müqavilələrin müddəti 2026-cı ilin fevralında başa çatıb. Lakin şirkət mənzilləri ona təhvil vermir və əlavə ödəniş tələb olunur.

Onun sözlərinə görə, müqavilədə göstərilən məbləğləri tam ödəməsinə və üzərinə düşən kredit öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, sonradan ona mənzillərin sahəsinin fərqli qaydada hesablandığı bildirilib və iki mənzil üzrə ümumilikdə 22 min manatdan çox əlavə ödəniş etməsi tələb olunub.

Şikayətçi deyib ki, mənzillər alınarkən həm onların sahəsi, həm də ödəniş məbləği müqavilədə konkret rəqəmlərlə göstərilib. O da bütün ödənişləri məhz həmin müqavilələrə əsasən həyata keçirib. Lakin 2024-cü ilin aprel ayında şirkət tərəfindən mənzillərin sahəsinin səhv şəkildə, içəridən ölçüldüyü bildirilib. Aparılan yeni hesablamadan sonra isə mənzillərin sahəsində fərq yarandığı əsas gətirilərək ondan əlavə ödəniş tələb olunub.

Şirkət tərəfindən verilən hesablamaya əsasən, bina 4-də, 12-ci mərtəbədə yerləşən 4 nömrəli mənzil 68,31 kvadratmetr sahə ilə, hər kvadratmetri 2232 manatdan hesablanaraq alınıb. Hazırkı ölçüyə əsasən isə mənzilin sahəsinin 73,42 kvadratmetr olduğu bildirilir. Beləliklə, 5,11 kvadratmetr fərq yaranıb və həmin mənzil üzrə əlavə ödəniş 11 406 manat təşkil edir. Digər mənzil - bina 4, 12-ci mərtəbə, 5 nömrəli mənzil isə 145,79 kvadratmetr sahə ilə, hər kvadratmetri 2282 manatdan alınıb. Şirkətin hesablamasına görə, mənzilin hazırkı sahəsi 150,66 kvadratmetrdir. Nəticədə 4,87 kvadratmetr fərq yaranıb və bu mənzil üzrə əlavə ödəniş 11 113 manat hesablanıb. Beləliklə, hər iki mənzil üzrə şikayətçidən tələb olunan əlavə məbləğin ümumilikdə 22 519 manat olduğu bildirilir.

Vətəndaş isə müqavilə bağlanarkən gələcəkdə bu cür əlavə borcun yarana biləcəyi barədə ona əvvəlcədən və aydın şəkildə məlumat verilmədiyini deyir: "Əgər müqavilədə mənzilin qiyməti və ödəyəcəyim məbləğ konkret göstərilibsə, bütün öhdəliklərimi də həmin müqaviləyə əsasən yerinə yetirmişəmsə, sonradan hansı əsasla məndən 22 min manatdan çox əlavə pul tələb olunur? Əvvəldən bildirilsə idi ki, belə bir məbləğ yaranacaq, mən də bunu nəzərə alardım və ödəyərdim”.

Şikayətçinin sözlərinə görə, hazırda mənzillərlə bağlı maliyyə arayışı almaq da problemə çevrilib. O, maliyyə arayışı tələb etdikdə şirkət tərəfindən qalan borc ödənilməyəcəyi təqdirdə həmin sənədin təqdim olunmayacağı bildirilib.

Vətəndaş qeyd edir ki, oxşar problemlə kompleksin digər sakinləri də üzləşiblər:"Şirkətdən mənə deyirlər ki, hər kəs əlavə məbləği ödəyib, yalnız siz problem yaradırsız".

O hesab edir ki, məsələyə aydınlıq gətirilməli, ilk növbədə müqavilələrdə nəzərdə tutulan şərtlər və mənzillərin sahəsinin hansı qaydada hesablandığı açıqlanmalıdır.

Şikayətçi şirkət rəhbərliyindən məsələnin araşdırılmasını, əlavə 22 519 manat ödəniş tələbinin hüquqi və müqavilə əsaslarının izah edilməsini, eləcə də ona yazılı və əsaslandırılmış cavab verilməsini tələb edir. O, məsələ ilə bağlı məhkəməyə və aidiyyət qurumlara müraciət edəcəyini bildiriir.

Məsələ ilə bağlı "Lux Residence" MMC-nin hüquqşünası Saleh İskəndərov e-huquq.az-a açıqlamasında bildirib ki, Bakı şəhərində bina və mənzil satışları, bir qayda olaraq, xaricdən-xaricə ölçü prinsipi əsasında həyata keçirilir. Onun sözlərinə görə, vətəndaşla 2023-cü ildə müqavilə bağlanarkən də bu barədə ona məlumat verilib. Müqavilə həmin şərtlər nəzərə alınmaqla bağlanıb və ödəniş də müqaviləyə uyğun şəkildə həyata keçirilib: "2023-cü ildə bina tam hazır olmadığından müqavilə layihə üzrə nəzərdə tutulan ölçülər əsasında bağlanıb. Lakin binanın tikintisi yekunlaşdıqdan və yenidən ölçmə işləri aparıldıqdan sonra müəyyən edilib ki, vətəndaşla razılaşdırılmış mənzilin sahəsində müəyyən fərq, yəni artım yaranıb. Mənzilin sahəsində yaranmış fərq barədə 2024-cü ildə vətəndaşa məlumat verilib. Vətəndaş həmin vaxt yaranmış əlavə ödənişlə bağlı məlumatlandırılıb və borcun ödənilməsi ilə bağlı razılığını bildirib. Yaranmış borc öhdəliyini qəbul etdiyini və ödənişi həyata keçirəcəyini söyləyib".

"Bir daha qeyd edirik ki, müqavilə imzalanan zaman bina tikilib tam başa çatdırılmamışdı. Bu səbəbdən mənzilin ölçüsü layihə üzrə nəzərdə tutulan göstəricilər əsasında müəyyən edilib və müqavilə də həmin ölçülər əsasında bağlanıb. Binanın tikintisi başa çatdıqdan, mənzillər arakəsmələrlə ayrıldıqdan və faktiki ölçmə işləri aparıldıqdan sonra müəyyən edilib ki, bəzi mənzillərdə, o cümlədən həmin şəxsə məxsus mənzildə layihədə nəzərdə tutulan sahə ilə faktiki sahə arasında fərq yaranıb və mənzilin sahəsi artıb", - deyə hüquqşünas bildirib.

Maliyyə arayışının verilməsi məsələsinə gəlincə, S. İskəndərov bildirib ki, həmin sənəddə vətəndaşın müvafiq mənzil üzrə şirkətə hər hansı borcunun olmadığı təsdiq edilməlidir: "Hazırda isə mənzilin faktiki sahəsində artım olduğu üçün həmin əlavə sahəyə görə ödənilməli məbləğ yaranıb. Bu məbləğ ödənilmədiyi halda vətəndaşın həmin mənzil üzrə borcunun olmadığı barədə maliyyə arayışının verilməsi mümkün deyil. Maliyyə arayışının təqdim edilməsi üçün vətəndaşın şirkət qarşısında hər hansı maliyyə öhdəliyinin qalmaması tələb olunur. Eyni zamanda qeyd edim ki, hazırda binada tikinti və tamamlama işləri davam edir. Binada və mənzillərdə bütün nəzərdə tutulan işlər tam yekunlaşmadığından mənzil faktiki olaraq heç bir vətəndaşa təhvil verilməyib. Bu səbəbdən mənzilin təhvil-təslim prosesi də həyata keçirilməyib".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər