İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı


  • 15:13

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb.

E-huquq.az xəbər verir ki, mətndə deyilir:

"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Aleksandr Yakovleviç Şarovski 2026-cı il sentyabrın 9-da ömrünün 79-cu ilində vəfat etmişdir.

Aleksandr Şarovski 1948-ci il fevralın 10-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968–1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili və ədəbiyyatı fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə hələ tələbə ikən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayan Aleksandr Şarovski ömrünü teatr sənətinə həsr edərək, 1976-cı ildən etibarən yarım əsrlik bir dövr ərzində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor, rejissor assistenti və quruluşçu rejissor, 1993-cü ildən isə baş rejissor vəzifələrində çalışmışdır.

Azərbaycan səhnə sənətinin əldə etdiyi nailiyyətlərdə Aleksandr Şarovskinin teatrın klassik ənənələrindən və müasir inkişaf təmayüllərindən məharətlə faydalanmış sənətkar kimi böyük xidmətləri vardır. O, teatr səhnəsində özünün təbiiliyi ilə seçilən obrazlar canlandırmışdır. Rejissor kimi zəngin yaradıcılıq axtarışları sayəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi çox sayda tamaşa parlaq səhnə həlli ilə seçilmiş və teatr mühitində rəğbətlə qarşılanmışdır. Bu tamaşalar ölkəmizin hüdudlarından kənarda da mötəbər teatrlarda uğurla nümayiş etdirilmiş və Azərbaycan mədəniyyətinin təbliği işinə töhfə vermişdir.

Aleksandr Şarovski eyni zamanda geniş ictimai fəaliyyəti ilə tanınırdı. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü və Avropa yəhudilərinin Bakı dini icmasının rəhbəri olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ölkəmizdə multikultural dəyərlərin qorunub saxlanılması üçün var qüvvəsini əsirgəməmişdir.

Aleksandr Şarovskinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, "Əməkdar artist" (1987) və "Xalq artisti" (1998) fəxri adlarını almış, Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" (2008), "Şərəf" (2018) ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" (2023) ilə təltif edilmişdir.

Tanınmış sənətkar və ictimai xadim, səmimi insan Aleksandr Yakovleviç Şarovskinin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Qəbri nurla dolsun!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Ramin Məmmədov

Polad Bülbüloğlu

Anar Rzayev

Hacı İsmayılov

Şəfiqə Məmmədova

Lyudmila Duxovnaya"

Oxşar xəbərlər