Məzmuna keç

“AZGRANATA” xarici ölkələrə nar ixrac edəcək

“AZGRANATA” MMC Rusiya, Ukrayna və Fransaya nar ixrac edəcək.

E-huquq.az-ın məlumatına görə, Cənubi Qafqazın ən böyük şirə və şərab müəssisələrindən biri olan “AZGRANATA” MMC hər il olduğu kimi, bu ildə özünün ixrac imkanlarını genişləndirərək ölkəmizə xarici valyutanın gətirilməsinə xidmət edir. Belə ki, müəssisənin 2006-cı ildə Ağsu rayonunun Hacıqədirli və Qaravəlli kəndlərinin ərazisində salınmış 350 hektarlıq nar bağlarından bu il yığılacaq məhsulun böyük bir hissəsi Rusiya, Ukrayna və Fransaya göndəriləcək.

Şirkətin ictimai işlər üzrə meneceri Ülvi Günəşli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatının bütün sahələrinə olduğu kimi, bağçılığın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində narçılıq da inkişaf etdirilir: "Dünya bazarında böyük tələbat olan nar şirəsinin emalı və ixracı məqsədilə respublikamızda yeni bağlar salınıb. Ölkəmizdə nar məhsullarının istehsalı ilə 15 müəssisə məşğul olur. Son illər dövlət səviyyəsində bu sahənin stimullaşdırılması üçün bir sıra addımlar atılıb. Narçılıq subsidiyalaşmaya cəlb edilib, nar istehsalı ilə məşğul olanlar vahid qurumda birləşib, hər il ölkəmizdə nar festivalı keçirilir. Nardan əldə edilən şirələr, mürəbbələr, tum və qabığından əczaçılıq sahəsində xammal kimi istifadə olunması onun bazarını daha da genişləndirib”.

O, “AZGRANATA” MMC-yə məxsus nar bağlarında “Bala Mürsəl”, “Gülövşə”, “Firuzeyi”, “Donuz burnu”, “Vələs” və s. kimi nar sortları yetişdirildiyini deyib.

“Müəssisənin nar bağlarına Almaniyanın “KIWI GmbH” institutu tərəfindən BİO sertifikatı verilib. Azərbaycan narının digər ölkələrin nar məhsulları ilə müqayisədə daha çox keyfiyyətli olması səbəb olur ki, xarici ölkələrdə Azərbaycan narına həmçinin nardan hazırlanan alkoqollu və alkoqolsuz məhsullara təlabat böyükdür”, – deyə Ü.Günəşli qeyd edib.