Məzmuna keç

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri “AZGRANATA” şirkətinin fəaliyyəti ilə tanış oldu –

"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Cənubi Qafqazın ən böyük müəssisələrindən olan “AZGRANATA” MMC şirə və şərab emalı zavodunda qonaq olub.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən e-huquq.az-a verilən məlumata görə, şirkətin İdarə Heyəti Sədrinin birinci müavini, icraçı direktor Vüqar Mikayılov qonağa istehsal prosesi və burada tətbiq olunan yeni texnologiyalar barədə ətraflı məlumat verib.

Təqdimatdan məmnunluğunu ifadə edən Elmar Məmmədov bildirib ki, "AZGRANATA" nəinki Azərbaycanda, o cümlədən MDB məkanında nümunəvi istehsalat müəssisədir.

O, müəssisənin müasir avadanlıqlarla təchiz edildiyini, peşəkar komanda və keyfiyyətli məhsulların xarici ölkə bazarlarına daha böyük həcmdə çıxarılmasının əhəmiyyətini vurğulayıb.

Bu məhsullara Ukrayna bazarlarında da tələbatın böyük olduğunu diqqətə çatdıran Elmar Məmmədov sözügedən ölkəyə ixracın artırılmasının zəruriyyətini vurğulayıb.

Müəssisənin dequstasiya zalı ilə tanış olan qonaq bildirib ki, burada şərabçılığa aid tarixi eksponatların, müxtəlif tarixlərə aid çoxillik şərabların, şərabçılığa aid ölkəmizin alimləri tərəfindən yazılmış kitabların və ölkəmizdə fəaliyyət göstərən digər şərab zavodlarının brendlərinin yer aldığı xüsusi stendlərin yaradılması turistlərin marağını cəlb etmək baxımından çox əhəmiyyətlidir.

Elmar Məmmədov "AZGRANATA" məhsulları barədə Ukraynada geniş təbliğat aparacağını xüsusilə qeyd edib.

Sonda qonaq zavodun rəhbərliyi ilə xatirə şəkli çəkdirib.