2027-ci ildə azad edilmiş ərazilərin bərpasına xərclənəcək vəsaitin həcmi açıqlanıb.
E-huquq.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, 2027-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün 5,3 milyard manat məbləğində vəsait proqnozlaşdırılır.
Həmin vəsaitdən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 3,4 milyard manat və digər əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinin maliyyələşdirilməsinə 1,9 milyard manat məbləğində vəsait nəzərdə tutulub.
Bütövlükdə 2027-ci ilin dövlət büdcəsinin xərclərindən (bütün xərc bölmələri üzrə) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və digər tədbirlər üzrə cəmi olaraq 3422,0 milyon manat məbləğində vəsait yönəldiləcək.
