Ombudsman institutu İƏT ölkələrinin ombudsmanları üçün təlim-seminar təşkil etdi


  • 28 Fevral 16:06

Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyası ilə birgə təşkilata üzv ölkələrin ombudsman təsisatları üçün onlayn təlim-seminar təşkil edib.

Ombudsman Aparatının Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, təlim-seminarda Türkiyə, Pakistan, İran, Sudan və digər ölkələrin ombudsman təsisatlarının nümayəndələri iştirak ediblər.

Ombudsman Səbinə Əliyevanın da üzvü olduğu İƏT Ombudsmanlar Assosiasiyasının idarə heyəti tərəfindən verilən qərara əsasən, Ombudsman təsisatları arasında təcrübə mübadiləsinin artırılması məqsədilə belə seminarların təşkili nəzərdə tutulub.

Təlimçi qismində Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli təqdimatla çıxış edib. Təqdimatda Ombudsmanın səlahiyyətləri, Milli Preventiv Mexanizm (MPM) mandatı, Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibə ilə bağlı Azərbaycan Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyətə dair təcrübə nümayiş etdirilib. Təqdimat zamanı faktoloji materiallardan və fotoşəkillərdən istifadə edilib.

Seminarın məqsədi insan hüquqlarının səmərəli müdafiəsi sahəsində əməkdaşların bilik və bacarıqlarının artırılması, həmkar qurumlar arasında təcrübə mübadiləsinin gücləndirilməsi olub.

Təlimçi Ermənistan tərəfindən müharibənin gedişində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş insan hüquqları pozuntularına dair Ombudsmanın faktaraşdırıcı missiyaları çərçivəsində həyata keçirdiyi yerində araşdırmalar zamanı aşkarlanan faktlar əsasında hazırlanmış və müvafiq beynəlxalq təşkilatlara göndərilmiş hesabatlar haqqında ətraflı danışıb. Seminarda Səbinə Əliyevanın Ermənistanın əsir və girovluğundan azad olunan soydaşlarımızla görüşü və onların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verilib. Qeyd olunub ki, Ermənistanda əsir və girovluqda saxlanılmış Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki şəxslərə qarşı işgəncə faktları ilə bağlı Ombudsman tərəfindən hazırlanmış xüsusi hesabat aidiyyəti beynəlxalq qurumlara göndərilib.

Təlim-seminarda Ombudsmanın MPM mandatı çərçivəsində fəaliyyəti, eləcə də müharibə və post-müharibə dövründə pozulmuş insan hüquqlarının bərpası ilə bağlı iştirakçıların verdiyi suallar Z.Vəliməmmədli tərəfindən cavablandırılıb

Oxşar xəbərlər