"Qazlaşma proqramı "Azərbacan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. 2022-ci ildə regionlarda 44 şəhər və rayonu, Bakı şəhərində 3 rayonu əhatə etməklə 115 kənd və yeni yaşayış massivində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub. Bunlardan proqrama uyğun olaraq 94 kənd va massivdə işlərə başlanılıb".
E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.
O bildirib ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda 281,1 km uzunluğunda yeni qaz xətləri çəkilib.
"Çəkilən qaz xətlərinin 35 kilometri Bakı və Abşeronun, 246,1 kilometri isə regionların payına düşüb. Bundan başqa, yanvar-iyun aylarında "Azəriqaz" tərəfindən 67,2 kilometr qaz kəmərləri əsaslı təmir olunub ki, bundan da 37,6 kilometri Bakı və Abşeronu, 29,6 kilometri isə regionları əhatə edib", – deyə baş direktor qeyd edib.
