"Azəriqaz” İstehsalat Birliyi tərəfindən "Asan Xidmət" və "Asan Kommunal" mərkəzlərində göstərilən xidmətlər vətəndaşları əsasən qane edib.
E-huquq.az xəbər verir ki, bu, "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı abonentlər arasında keçirilən sorğunun nəticələrində əks olunub.
Məlumata görə, ən çox istifadə olunan xidmətlərin 90%-dən çoxunda respondentlər xidmət səviyyəsindən razı qalıblar.
Ümumilikdə "Azəriqaz" İB tərəfindən "Asan Xidmət" və "Asan Kommunal" mərkəzlərində göstərilən xidmətlərin 89%-də xidmət səviyyəsi vətəndaşları qane edib.
Regionlar üzrə bu göstərici 86%, Bakı şəhəri üzrə isə 90%-dir.
Abonentləri qane etməyən hallar əsasən müraciət etdikləri problemin öz həllini tapmaması ilə bağlı olub (53%).
